Prezident əfv sərəncamı imzaladı Hadisə

Prezident əfv sərəncamı imzaladı

157 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib

Dünən prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama görə 157 məhbus cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, 1 nəfər islah işlərindən, 11 nəfər isə cərimə cəzasından azad edilir.
Hüquq müdafiəçilərinin dediyinə görə əfv fərmanında yalnız siyasi məhbuslardan Fərəməz Allahverdiyev, bloger Daşqın Məlikov, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun adı var.
Qeyd edək ki, Daşqın Məlikov satış məqsədi olmadan narkotik vasitələrin saxlanması maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay həbs cəzası alıb. Ötən il prezident seçkiləri öncəsi gənc bloger bəyanat yayaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarını tərk etdiyini bildirmişdi.
Ötən il aprelin 18-də jurnalist Fərəməz Novruzoğlu isə xalqı kütləvi iğtişaşlara dəvət etməkdə təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb.