“Biz ümumi qaydaları elan edəcəyik” Hadisə

“Biz ümumi qaydaları elan edəcəyik”

Məleykə Abbaszadə: "İmtahanların modeli dəyişsə də, maliyyələşmə məsələsi müzakirə mövzusudur"

"2019/2020-ci tədris ilə əlaqədar buraxılış və qəbul imtahanları ilə bağlı nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim olunub. Lakin modeldə nəzərdə tutulan yenilikləri tətbiq etmək üçün "Təhsil haqqında" qanuna da dəyişikliklər edilməli, hüquqi tənzimlənmələr aparılmalı, maliyyələşdirmə məsələləri nəzərə alınmalıdır". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə həm buraxılış, həm də qəbul imtahanlarının nəticələri rol oynayacaq: "Buraxılış və qəbul imtahanlarının modeli dəyişsə də, imtahanların maliyyələşmə məsələsi müzakirə mövzusudur. Maliyyə məsələləri ilə əlaqədar qaydalar müəyyən edildikdən sonra biz ümumi qaydaları elan edəcəyik. Məhz buna görə biz iki il əvvəl Təhsil Nazirliyi ilə yeni qəbul modelinin hazırlanması məsələsinə başladıq. Çünki belə məslələrdə prosedurlar çox mürəkkəbdir. Daxili razılaşmalar, daxili qaydaların uyğunlaşdırılması vaxt aparır. İmtahanların keçirilməsi zamanı daim texnoloji yenilikləri tətbiq etmək lazım gəlir. Bunun üçün bizə avadanlıqlar, texnoloji qurğular, proqram təminatı lazımdır. Texnoloji qurğular müəyyən müddət işlədikdən sonra təmirə ehtiyac yaranır, bəziləri sıradan çıxır. Yeni texnoloji avadanlıqların alınması üçün bizə yenə də maliyyə vəsaiti lazım olur. Bu avadanlıqların alınması, eyni zamanda proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir. Təbii ki, bizim məqsədimiz insanların maddi vəziyyətinə təsir göstərməməsi üçün daha uyğun variantların seçilməsi, bütün metodiki və təşkilati işlərin optimallaşdırılmasına nail olmaqla hamı üçün uyğun olan imtahan qiymətinin müəyyən edilməsidir".