“Din və ictimai həyat” Hadisə

“Din və ictimai həyat”

Tbilisidə beynəlxalq konfrans keçirilib

"Gürcüstanda tolerantlığın tarixi ənənəsi qorunub saxlanır və bu sahədə kilsə və patriarx ikinci İlyanın xidmətləri böyükdür".
Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən "Din və ictimai həyat" beynəlxalq konfransında çıxışı zamanı deyib. O bildirib ki, ölkədə müxtəlif dinlərə hörmət təmin olunub: "Gürcüstanda müxtəlif dinlərin nümayəndələri birgə dinc şəraitdə yaşayırlar. Bu ənənə qorunub saxlanmaqla yanaşı, daha da möhkəmləndirilir".
G. Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan dəfələrlə sınaqlar qarşısında olub və həmin zaman məhz kilsə və patriarxlıq əvəzsiz rol oynayıblar: "Cəmiyyət və kilsə arasında etibar və hörmətə əsaslanmış ənənə və mədəniyyət tarixi nailiyyətlərimizdən biri olmaqla yanaşı, Gürcüstan dövlətçiliyinin güclü təməlidir".
Konfransda çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, kilsə və cəmiyyət arasında əməkdaşlıq dövlətin inkişafı üçün çox vacibdir: "Bu gün cəmiyyətdə aqressiyanın səviyyəsi yüksəkdir və bu kimi problemləri yalnız birgə səylərlə aradan qaldırmaq mümkündür".
Beynəlxalq tədbirdə hökumət və parlament, müxtəlif din və konfessiyaların nümayəndələri, xarici ölkələrin din xadimləri və digər şəxslər iştirak edib.