Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək Hadisə

Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək

Fevralın 28-də Bakıda "Microsoft Azərbaycan" şirkətinin təşkilatçılığı ilə "Microsoft" İnnovasiya Forumu keçiriləcək. "Microsoft Azərbaycan" şirkətindən bildirilib ki, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və çoxlu sayda IT şirkətləri, startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək. "İnnovasiya Forumu müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihəmizdir. Forumda bizim ən son məhsullarımızı, bulud texnologiyalarımızı təqdim edəcəyik, "Microsoft"un təcrübəsi ilə bölüşəcəyik. Qeydiyyatımız artıq başlayıb və deyə bilərəm ki, tədbirdə Azərbaycanın gənc IT şirkətlərinin, xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum, həm də bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır", - deyə "Microsoft Azərbaycan"nın baş direktoru Sərxan Həşimov bildirib. Forumda iştirak qeydiyyat əsasında aparılır. Tədbir haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.aka.ms/innovationaz linkindən istifadə etmək olar.
Qeyd edək ki, "Microsoft" Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. "Microsoft Azərbaycan"nın əsas məqsədi "Microsoft" Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.