Jurnalistlər Heydər Əliyevin və Zərdabinin məzarlarını ziyarət ediblər Hadisə

Jurnalistlər Heydər Əliyevin və Zərdabinin məzarlarını ziyarət ediblər

Azərbaycan jurnalistlərinin martın 10-da Bakıda keçiriləcək VII qurultayının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkilləri Hikmət Babaoğlu, Aqil Abbas, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı və digər KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən danışıb, müasir medianın uğurlarını və problemlərini qeyd edib. O bildirib ki, Azərbaycan mətbuatı müstəqil və peşəkar mətbuatdır. Bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Yarandığı gündən indiyədək mətbuatımız məşəqqətli, mürəkkəb dövr keçib. Amma buna baxmayaraq, öz üzərinə düşən missiyanı – cəmiyyəti maarifləndirmək missiyasını uğurla yerinə yetirib. Azərbaycan jurnalistlərinin VII qurultayında jurnalistikamızın qazandığı uğurlar qeyd olunacaq, qarşılaşdığı problemlər müzakirə ediləcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.
MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.
Əgər qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.
Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.