Şuşanın işğalının 26-cı ildönümü Hadisə

Şuşanın işğalının 26-cı ildönümü

Bu münasibətlə Şəhidlər Xiyabanı ziyarət edilib

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib.
Ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarətçilər şəhidlərin məzarına gül düzüb, "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra isə Şuşada şəhid olmuş tank komandiri, yəhudi əsilli Albert Aqarunoviç Aqarunovun məzarı da ziyarət edilib.
"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, ŞuşaRayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu il Şuşanın işğalından 26 il ötdüyünü xatırladaraq bu 26 il dözməyin çətin olduğunu deyib: " Hər birimiz ümid edirik ki, işğal altında olan torpaqlarımıza qayıdacağıq. Zaman Azərbaycanın xeyrinə işləyir. Bəzi ikili standartlara baxmayaraq, hamımız bilirik ki, Ermənistan işğaldan əl çəkməlidir, başqa yolu yoxdur. Dövlət başçımız da həmişə vurğulayır ki, biz torpaqlarımızın sülh yolu ilə qaytarılmasını istəyirik. Sülh olmasa, başqa yollara əl atılacaq".