“Məişət qazının tərkibi normativə uyğun deyil” Hadisə

“Məişət qazının tərkibi normativə uyğun deyil”

Respublika ərazisində təbii qazın emalı, təchizatı və istehlakı sahəsində bir sıra nöqsan və qanun pozuntuları aşkar edilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev "Xalq qəzeti"ndə dərc olunan "Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir" başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd edilir ki, aparılan araşdırmalar nəticəsində əhaliyə verilən təbii məişət qazının tərkibində müvafiq normativ sənədlərin tələblərinə uyğun olmayan, yanmayan qaz qarışıqlarının, eləcə də ağır karbohidrogen qatışıqlarının olması, SOCAR-ın tabeliyində olan qurumlara məxsus qazpaylama stansiyalarında təbii qazın təmizlənməsi, tənzimlənməsi və paylanması məqsədi ilə istismarda olan qurğu və avadanlıqların bəzilərinin köhnə olması, müasir tələbələrə cavab verməməsi halları üzə çıxıb: "Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq, qaz sızması ilə əlaqədar partlayış (yanğın) hadisələrinin, eləcə də çoxsaylı ölümlə nəticələnən dəm qazından zəhərlənmə hallarının baş verməsi hələ də davam etməkdədir. Məsələnin ciddiliyini və aktuallığını nəzərə alaraq, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik məsələlərinin təmin edilməsi, bu sahədə mövcud problemlərin tam həllinə nail olunması məqsədi ilə istehlakçılara müvafiq standartların tələblərinə uyğun təbii qazın verilməsi, təbii qazın tərkibinin insan həyatı üçün təhlükəli olan qarışıqlardan təmizlənməsi üçün respublikaya müasir modul qaz təmizləyici stansiyaların (qurğuların) gətirilməsi və ilkin olaraq ən vacib sahələrdə (neft-qazçıxarma idarələrində) quraşdırılması, təbii qazın hasilatı və paylanması ilə məşğul olan təsərrüfatların istismara yararlı olan və yeni texnologiyalar əsasında keyfiyyətə təminat verən, tam avtomatlaşdırılmış qurğu və avadanlıqlarla əvəz edilməsi, ölkəyə gətirilən qaz cihazlarının keyfiyyətinə və istismar qaydalarına nəzarətin gücləndirilməsi vacibdir".
Qeyd edək ki, dünən "Kənd təsərrüfatı inkişafının müasir tendensiyası" adlı tədbirdə çıxış edən Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev də təbii qazın keyfiyyətindən şikayətlənib. O, deyib ki,
Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır.
Bəşir Quliyevin sözlərinə görə, bu gün meyvə-tərəvəz istehsalçılarının və ixracatçılarının əsas işi təbii qazdan asılıdır: "Ancaq buna baxmayaraq məhsullarımızın maya dəyərinin böyük bir hissəsini qaza görə ödənişlə bağlıdır . "Azəriqaz"ın xidməti və verilən keyfiyyət isə bizi qane etmir".
O bildirib ki, bu ilin oktyabr ayında yeni isitmə mövsümü başlayacaq: "Təklif edirəm ki, o vaxta qədər bu məsələlər assosiasiya tərəfindən müzakirə edilsin. İnanıram ki, o vaxta qədər Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının növbəti iclası keçiriləcək. Biz "Azəriqaz"a və SOCAR-a qazın maya dəyərinin aşağı salınması və keyfiyyətinin artırılması ilə bağlı öz təkliflərimizi verək. Əgər bütün bunlar edilsə, Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı daha da artacaq və istehsalın maya dəyəri də ucuzlaşar".