Korrupsiyaya qarşı görülən işlərin hesabatı Hadisə

Korrupsiyaya qarşı görülən işlərin hesabatı

"Bu ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib".
Bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
K. Əliyev qeyd edib ki, həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Ötən dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra etdiyini xatırladan K. Əliyev keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işinin başlandığını qeyd edib.
"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu il vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb"-deyən Kamran Əliyev qeyd edib ki, həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
K. Əliyev həmçinin bildirib ki, bu ilin 6 ayı ərzində "161-Qaynar xətt" əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
"Bu il korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib"-deyə vurğulayan Kamran Əliyev bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi bu il də, korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, 13 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib. Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.
Onun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub:"Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".
"Tikinti şirkətlərində işə cəlb olunan 258 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib"-
Baş prokurorun müavini qeyd edib ki, bu ilin birinci yarısında Baş İdarə tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" 28 aprel 2017-ci il tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirlərinin davam etdirilib:" Mərkəzdən daxil olmuş 17 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri halları müəyyən edildiyindən 1 cinayət işi və 5 inzibati xəta haqqında iş üzrə icraat başlanması təmin edilib. O cümlədən həmin şirkətlərin rəhbərlərinə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22 və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 13 rəsmi xəbərdarlıq elan edilib. Həmçinin bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 28 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 258 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib".
Kamran Əliyev əlavə edib ki, bu il korrupsiya cinayətləri ilə axtarışda olanlardan 9 nəfəri tutularaq istintaqa təhvil verilib:"Hazırda korrupsiya cinayətləri ilə axtarışda olan digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir".