“AMEA-da magistrlərin yataqxana ilə təmin olunması hələlik təsdiqlənməyib” Hadisə

“AMEA-da magistrlərin yataqxana ilə təmin olunması hələlik təsdiqlənməyib”

Azərbaycan Milli Elmlər Akademiyasında yataqxana ilə təmin edilməsi planlaşdırılan 30 magistrantın adından ibarət siyahı hazırlanaraq təqdim olunub.
AMEA-nın Magistratura Şöbəsindən bildirilib ki, siyahıda yer alan 30 tələbənin yataqxana ilə dəqiq təmin olunacağı hələki təsdiqlənməyib:
"Çünki bu məsələyə Akademiyanın İşlər İdarəsi baxır. Biz yataqxanaya ehtiyacı olan magistrantların siyahısını hazırlayıb idarəyə təqdim etmişik, təsdiq etmək isə İşlər İdarəsinin səlahiyyətində olan məsələdir. Sorğu əsasında müəyyənləşdirmişik ki, kimin daha çox ehtiyacı var. Elə magistrantlarımız var ki, onlar ailəsi ilə şəxsi evlərində qalırlar, yəni yataqxana lazım deyil. Siyahı yüksək bal toplayan magistrantlara görə tərtib olunmayıb".
Qeyd edək ki, 30 magistrantın yataqxana ilə təmin olunmasının planlaşdıırlmasını Azərbaycan Milli Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O qeyd edib ki, 2018-2019-cu tədris ilində AMEA-nın magistraturasına daxil olmaq üçün 92 plan yeri üzrə 1124 bakalavr müraciət edib.
Bu il magistraturaya 19 ixtisas üzrə 67 bakalavr daxil olub. Bu gün akademiyada 200-dək magistr təhsil alır.