Yüksək bal toplamış abituriyentlər müəllimlik peşəsini seçiblər Hadisə

Yüksək bal toplamış abituriyentlər müəllimlik peşəsini seçiblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində 500-dən çox bal toplayaraq ibtidai təhsil fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə qəbul olunmuş tələbələrlə görüşüb. ADPU-dan bildirilib ki, rektor bu gün cəmiyyətdə müəllimlik peşəsinə verilən dəyərdən, onun nüfuzundan, həmçinin son iki ildə bu istiqamətdə keyfiyyət göstəricilərinin yüksəlməsindən danışıb. Qeyd edilib ki, beş il əvvəl "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hədəflərinə gedən yolda atılmış addımlar ilkin nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, 500-dən yuxarı bal toplamış 2090 abituriyent həyatını müəllimlik peşəsi ilə bağlayıb.
Rektor tələbələrin təhsil ehtiyaclarının ödənilməsindən, bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən, universitetin tədris və maddi-texniki bazasının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan söz açıb. C.Cəfərov təhsillə bağlı müzakirəyə çıxarılacaq və həyata keçiriləcək məsələlərə də toxunub. Sonra ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov fakültənin inkişaf perspektivlərindən danışıb. Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrin şəkillərindən ibarət slayd nümayiş olunub.