Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilib Hadisə

Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) Milli Məclis, hakim Yeni Azərbaycan Partiyası (YAP) və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, ictimai-siyasi xadim, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə BDU-nun Hüquq fakültəsində M.Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.
Konfransın plenar iclasında rektor Abel Məhərrəmov çıxış edib. Universitetdə böyük xidmətlər göstərən görkəmli ziyalıların əziz xatirəsinin hər zaman yüksək tutulduğunu qeyd edən rektor bu günün də ali təhsil ocağının tarixində əlamətdar günlərdən biri olduğunu bildirib. O, beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görüldüyünü, onun adına adlı təqaüd təsis edildiyini və uzun illər rəhbərlik etdiyi kafedranın qarşısında barelyefinin vurulduğunu qeyd edib. M.Ələsgərovun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən bəhs edən akademik A.Məhərrəmov onun Beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi, həm də ilk elmlər doktoru, professor olmuş azərbaycanlı olduğunu söyləyib. Professor M.Ələsgərovun həm respublikada, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas alim, fəal ictimai-siyasi xadim kimi tanınması, onun Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi kimi fəaliyyəti, tədris prosesinin elmi-pedaqoji fəaliyyətinin mühüm tərkib hissəsini təşkil etməsi, 1966-cı ildən Azərbaycan Ensiklopediyasının tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü kimi onlarla elmi məqalələrin müəllifi olması barədə danışıb. Onun respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxladığını, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etdiyini, Azərbaycan Respublikasının suverenliyi, Vətəndaşlıq və Mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olduğunu qeyd edib. Rektor onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsərinin çap olunduğunu, rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldığını diqqətə çatdırıb. A.Məhərrəmov M.Ələsgərovun 1993-cü il dekabrın 7-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edildikdən sonra həyata keçirdiyi əsaslı işlərdən bəhs edib.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov, Rusiya, Ukrayna və Gürcüstanın tanınmış elm xadimləri və hüquqşünasları çıxış edərək M.Ələsgərovun geniş ictimai-siyasi fəaliyyəti, şəxsi insani keyfiyyətləri barədə ətraflı danışıblar.
Beynəlxalq konfransda professor M.Ələsgərovun ailə üzvləri, o cümlədən oğlu, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov da iştirak edib.