“Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər” Hadisə

“Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər”

Özəl sektorunda gender qiymətləndirməsinin təqdimatı keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsveçrənin ölkəmizdəki səfirliyi və BMT ilə birgə dekabrın 4-də "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər" adlı gender qiymətləndirməsinin təqdimatını keçirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların özəl sektorda fəaliyyəti barədə danışıb. Bildirib ki, müasir iqtisadiyyatda qadınların özəl sektorda fəaliyyətində, o cümlədən kiçik və orta sahibkarlıqla məşğul olmasında müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Dünya İqtisadi Forumunun metodikası əsasında gender bərabərsizliyi indeksi üzrə Azərbaycan 96-cı yerdə qərarlaşıb. İqtisadi həyatda qadınların iştirakı kişilərə yaxınlaşır, bu alt indeksə görə ölkəmiz dünyada 45-ci yeri tutur.
Hicran Hüseynova qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik bazası qadınlara mülkiyyətə yiyələnmək və bütün növ iqtisadi fəaliyyətlərlə məşğul olmaq üçün kişilərlə bərabər hüquqlar verir. "Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə, qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir", - deyə komitə sədri bildirib.
Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılmasının əhəmiyyətini vurğulayan Hicran Hüseynova deyib ki, "ABAD" yeni iş yerlərinin açılması ilə yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığa dəstək verir. 2018-ci ildə qadın sahibkarların sayı artaraq 30 faizə çatıb. Son 15 ildə 4067 qadın sahibkara 72,5 milyon manat güzəştli kredit verilib və bunun nəticəsində 6234 yeni iş yeri açılıb. İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib ki, iqtisadiyyatda kişilər və qadınlar arasında bərabərsizlik xüsusilə də özəl sektorda, məşğulluqda, karyera perspektivliyində özünü büruzə verir. Qadınlar və kişilər arasında əməkhaqqı fərqini indiki templərlə aradan qaldırmaq üçün 118 il lazımdır.
Diplomat qeyd edib ki, "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər" hesabatından göründüyü kimi, bir çox ölkələrdə, həmçinin Azərbaycanda qadınlar iqtisadi sahədə bir çox çağırışlar və çətinliklərlə üzləşir. Lakin bununla yanaşı, qadınların iqtisadi sahədə geniş imkanları, fürsətləri də var. Azərbaycanda biznes mühitin yaxşılaşdırılması üçün böyük işlər görülür. Bu da iqtisadi sahədə çalışan qadınlar üçün yeni imkanlar deməkdir.
BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Qulam İsaqzai deyib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir. İlk olaraq qadınların özəl sektorda iştiraki ilə bağlı imkanları və çağırışları qiymətləndirilir. İndiyədək gender bərabərliyinə daha çox dövlət sektorunda diqqət yetirilirdi. Bu sahədə Azərbaycanla yaxşı əməkdaşlıq qurulub. Özəl sektorda isə qadınların rolunun diqqətdən kənarda qaldığını bildirən Qulam İsaqzai deyib: "Bu, ilk layihədir ki, qadınların özəl sektorda iştirakını, qadın sahibkarlığını hərtərəfli, əsaslı şəkildə araşdıraraq gündəmə gətiririk. Bu tədqiqatın nəticəsi olaraq qadınların özəl sektorda idarəçiliyə, rəhbər vəzifələrə çatmasında xeyli maneələr aşkarladıq. Hesabatda bütün bunlar öz əksini tapır".
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı diqqətə çatdırıb ki, Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, milli-mənəvi dəyərlərimizin formalaşmasında, qorunmasında əhəmiyyətli rol oynayıb. Qadınlarımız bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər. "Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-sosial həyatda fəal iştirakına hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qadınların hüquq və azadlıqlarının qorunması üçün bir çox normativ hüquqi aktlar qəbul edilib. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası da qadınların kişilərlə hüquq bərabərliyini təsbit edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında bu qanunlar, hüquqi baza təkmilləşir. Ölkəmizdə reallaşdırılan mühüm dövlət tədbirləri sayəsində Azərbaycan qadını ötən müddətdə əsrə bərabər inkişaf yolu keçib", - deyə A.Naxçıvanlı vurğulayıb.
Sonra baş ekspert Aysel Vəzirova "Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər" layihəsini və gender qiymətləndirilməsinin nəticələrini təqdim edib.
Tədbirdə, həmçinin "Qadınların iqtisadi səlahiyyətlərinin artırılması" adlı yeni layihənin təqdimatı olub. BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakassetti, BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması qurumunun Gürcüstandakı nümayəndəsi Erika Kvapilova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədr müavini Jalə Hacıyeva müxtəlif layihələr təqdim ediblər. Sonda azərbaycanlı qadın sahibkarların əl işlərindən ibarət sərgi keçirilib.