10:24
1 022
Yarandığı gündən BMT-nin ciddi şəkildə dünya təhlükəsizliyinin qorunmasında oynadığı rol həmişə birmənalı qarşılanmır. BMT bir beynəlxalq təşkilat kimi hər zaman sadəcə Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqlarının kölgəsində qalıb. Bu günə kimi hələ kimsə bu daimi üzvlərin əldə edilən və edilməyən qərarlarda digər ölkələrin maraqları çərçivəsindən çıxış etdiyini görməyib.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Qərar olsa belə onun yerinə yetirilməsi məsələsi kənarda kağız üzərində qalıb. Amma məsələ beş daimi üzvün maraqları olanda BMT-dən kənar mexanizmlər belə işə düşüb. Göründüyü kimi BMT həmin beş daimi üzvün maraqlarını qoruyan təşkilatdan başqa bir şey deyildir. BMT Baş katibi Qutereşin: "BMT-nin islahatlara ehtiyacı var"- deməsi də bunu sübut edir" - o, vurğulayıb.
A. Qasımovun fikrincə, BMT-nin ümumiyyətlə beş daimi üzvü məsələsi ləğv edilməli, qərarvarici mexanizm ümumi səsvermə yolu ilə həll edilməlidir:
"BMT mütləq özünün hərbi strukturunu yaratmalıdır. Dünyadakı bütün rəsmi hərbi birliklərin də BMT-nin hərbi strukturuna tabe olmasını bəyan etməlidir ki, ehtiyac halında müəyyən nüanslar nəzərə alınmaqla bundan istifadə edilsin. Bunların qarşılıqlı əlaqə mexanizmləri hazırlanmalıdır. Bir neçə dövlətə daha çox qəraralma mexanizmində yer verilməsi praktikası özünü doğrultmur və şəxsi maraqlar həmişə önə çıxır. Hesab edirəm ki, BMT yeni dünya düzənində aktiv rol almaq üçün mütləq islahatlara getməli, beynəlxalq qanunun aliliyini təmin etmək üçün yenidən struktur dəyişikliyinə uğramalıdır".
Cavid