“Cəmiyyətimiz ancaq polis görəndə özünü yığışdırır” Hadisə

“Cəmiyyətimiz ancaq polis görəndə özünü yığışdırır”

BNA-nın əməkdaşlarına qarşı edilən hərəkətlər xoşagəlməzdir. Bu qurumun əməkdaşları qanunla onlara verilən səlahiyyətləri yerinə yetirirlər. Bizim cəmiyyət, sürücülər Bakı Nəqliyyat Agentliyinin əməkdaşları kimi mülki şəxslərin onları cərimələməsinə öyrəşməyib deyə, bunu qəbul etmir. Cəmiyyətimiz ancaq polis, rütbəli şəxs görəndə özünü yığışdırır, tabe olur.
Nəqliyyat eksperti Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücüləri cərimələməsi zamanı yaşanan xoşagəlməz olaylardan, BNA əməkdaşlarının yaralanması ilə nəticələnən mübahisələrdən danışarkən belə deyib.
Ekspert bildirib ki, problemin aradan qaldırılması üçün BNA rəhbərliyi təklif irəli sürsə də, bu, uzun prosesdir: "BNA rəhbəri Vüsal Kərimli bu məsələ ilə bağlı çıxışında bildirmişdi ki, əməkdaşları sürücülər tərəfindən söyülür, təhqir edilir və hətta döyülür. Bu səbəbdən Vüsal Kərimli dedi ki, ümumiyyətlə, sürücülərlə BNA əməkdaşlarının ünsiyyətinə qadağa qoyulacaq və qayda pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələnəcək. Bunun üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir. Hələlik dayanma, durma və parklanma qaydalarının pozulmasına görə sürücüləri yalnız yerində aşkar edib cərimə yazmaq mümkündür. Bunu istəsək belə kamera ilə çəkib yazmaq mümkün deyil, çünki buna qanun imkan vermir. Vüsal Kərimlinin təklifini həyata keçirmək üçün qanunda dəyişiklik edilməlidir".
Elməddin Muradlı təklif edir ki, BNA əməkdaşlarının təhlükəsizliyi baxımından onlar hələlik polislərlə birgə iş görməlidirlər: "BNA Daxili İşlər Nazirliyinə müraciət edib, bunu ya Dövlət Yol Polisi, ya da Post Patrul Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirmək istədiyini bildirsin.
Yadınızdadırsa, keçmiş Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamenti var idi. Onları "nəqliyyat qoçuları" da adlandırırdılar. Onlarla sürücülər arasında mübahisə də məhz bu səbəbdən baş verirdi. Gün ərzində dəfələrlə yollarda taksi sürücüləri ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında problem yaşanırdı. Bu, axırda həmin departamentin ləğv edilməsi ilə nəticələndi. İndi həmin departamentin əməkdaşlarının aqibətini BNA əməkdaşları yaşayır. Düşünürəm ki, hər hansısa formada BNA əməkdaşlarının təhlükəsizliyi naminə müəyyən tədbirlər görülməlidir".