“Vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır” Hadisə

“Vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır”

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".
A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: "Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir".
"Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur"- deyən Anar Bağırov bildirib ki, kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər: "Vəkillər Kollegiyası vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər".
A.Bağırov xatırladıb ki, Azərbaycan Vəkillər Kollegiyası 2018-ci ildə 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb, yəni 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. 1 vəkil isə kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə belə bir qərar qəbul olunub".
Kollegiya sədri qeyd edib ki, Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır: "Bunlar dedi-qodudan başqa bir şey deyil".