Bu il Dilçilik İnstitutunda 24 kitab çap olunub Hadisə

Bu il Dilçilik İnstitutunda 24 kitab çap olunub

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin "Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" əsasında aparıldığını bildirib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli 2018-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. Bildirilib ki, il ərzində institut əməkdaşlarının 10 kitabı, 14 monoqrafiyası, 190 məqaləsi (164-ü ölkə daxilində, 26-sı xaricdə) çap olunub. Hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət, 12 problem, 18 mövzu üzrə 106 iş yerinə yetirilib. İnstitutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az saytı fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının www.azerbaycandili.az saytı hazırlanaraq təqdimatı keçirilib.
Qeyd olunub ki, Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova və filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribovanın "Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)", kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, professor Məsud Mahmudovun "Türk dillərinin milli korpusları" kitabları 2018-ci ildə ən mühüm elmi nəticələr kimi dəyərləndirilə bilər.
Sonra B.Məhərrəmli institutun əməkdaşlarının beynəlxalq konfranslarda iştirakı barədə məlumatı nəzərə çatdırıb. Bildirib ki, Parisdə keçirilən beynəlxalq forumda akademik M.Nağısoylu "Azərbaycan Xalq Cümhuriyyətində dil siyasəti" mövzusunda məruzə ilə çıxış edib. Həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar da diqqətə çatdırılıb. Daha sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aynel Məşədiyevanın hazırladığı illik hesabat ətrafında müzakirələr aparılıb.
İclasda çıxış edən akademik Kamal Abdulla institutun illik hesabatını çox yüksək qiymətləndirib. Qeyd edib ki, il ərzində aparılan tədqiqatlar göstərir ki, Dilçilik İnstitutu öz adını doğruldur. K.Abdulla Dilçilik İnstitutunun 2018-ci ildə orfoqrafiya qaydaları ilə bağlı müzakirələrdə iştirak etdiyini də diqqətə çatdırıb.