Mersində Azərbaycan-Türkiyə qardaşlığının yeni təntənəsi Hadisə

Mersində Azərbaycan-Türkiyə qardaşlığının yeni təntənəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Türkiyənin Mersin şəhərinə səfəri başlanıb.
Türkiyə Müharib Qazilər Dərnəyinin (Müharibə Veteranları Birliyi) Mersin şöbəsinin dəvətilə həyata keçirilən səfər qardaş ölkənin bu mühüm liman şəhərinin 1922-ci ilin 3 yanvarında fransız işğalından qurtulmasının 97-ci ildönümü münasibəti ilə gerçəkləşdirilən tədbirlərdə iştirak məqsədi daşıyır.
Yanvarın 3-də, səhər Azərbaycan nümayəndə heyətinin üzvləri Mersin vilayət və şəhər rəhbərliyinin, eləcə də yerli ictimaiyyətin nümayəndələri ilə birlikdə bu şəhərin tarixi dəmiryolu vağzalında keçirilən təntənəli mərasimə qatılıblar. Mərasimin mahiyyəti ondan ibarətdir ki, 97 il əvvəl olduğu kimi, yenə də simvolik qatar, onun qarşılanması vilayət və şəhər rəhbərliyi, o cümlədən, ictimaiyyət nümayəndələri tərəfindən böyük coşğuyla həyata keçirilib.
Həmin rəmzi qatarda dəmiryolu vağzalına daxil olan Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsinin başqanı Kamal Cındız özləri gətirdikləri dövlət bayrağını vilayət və şəhər rəhbərliyinə təqdim edib, sonra isə ictiamiyyət nümayəndələrini salamlayıb.
Ardınca foklor kollektivləri, mehteran bölüyü xüsusi proqramla çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin iştirakı ilə gerçəkləşən təntənəli mərasimdə yüksək ovqat müşahidə olunub. Tədbir daha sonra şəhərin Cümhuriyyət meydanında davam edib. Nümayəndə heyətimizin üzvləri meydana qədər olan təxminən 1 kilometrlik məsafəni vilayət və şəhər rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələri ilə birgə qət ediblər. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutan gənclər, tələbələr, eləcə də müharibə veteranları meydana daxil olaraq protokolda nəzərdə tutulan qaydada yerlərini tutublar.
Sonra xüsusi hərbi avtomobildə izdihamda qatılanları salamlayan Mersin valisi Ali İhsan Su, Mersin Böyükşəhər Bələdiyyə başqanı Bürhanəddin Kocamaz mersinlilərə səmimi duyğularını, xoş arzularını çatdırıb, bu günün səbəbkarı olanlara, başda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla bütün şəhidlərə, Mersininin qurtuluşunda əməyi olan hər kəsə rəhmət diləyiblər.
Daha sonra alqışların müşaiyyəti ilə yenidən foklor ansambılı səhnəyə çıxıb.
Mərasimdən sonra Türkiyə Müharib Qazilər Dərnəyinin Mersin şöbəsinin binasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşə Mersin valisi Ali İhsan Su, Mersin Böyükşəhər Bələdiyyə başqanı Bürhanəddin Kocamaz, vilayətdəki donanma qarnizonunun komandanı, eləcə də Mersindən olan müxtəlif partiyaları təmsil edən millət vəkilləri, Şimali Kipr Türk Cümhuriyyətinin Mersindəki konsulu da qatılıblar.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlığınının önəmini bir daha vurğulayan Emin Həsənli göstərilən diqqətə, edilən dəvətə, təşkil olunan görüşlərə görə, Mersin rəhbərliyinə, xüsusən, Türkiyə Müharib Qazilər Dərnəyinə, dərnəyin Mersin şöbəsinə təşəkkürlərini çatdırıb.
Şəhər valisi, bələdiyyə başqanı, millət vəkilləri, eləcə də digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələr üzrə daha da möhkəmləndiyini, dostluq əlaqələrinin son illər durmadan inkişaf etdiyini, bir çox nailiyyətlərə yol açdığını qeyd ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli qəhrəman Vahid Quliyev, Azərbaycanın ilk snayper-döyüşçü qadınlarından Növrəstə Yusifova, əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində həlak olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu, "525-ci qəzet"in baş redaktor müavini, ədəbiyyatşünas-tərcüməçi Seyfəddin Hüseynli çıxış edərək Mersinin qurtuluşunun 97-ci illiyi münasibətilə vilayət rəhbərliyini bir daha təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, çay süfrəsi arxasında səmimi söhbətlər, mülahizələr, qeyri-hökumət təşkilatları səviyyəsində qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin gəlişindən böyük məmnunluq duyduqlarını nəzərə çatıdıran Türkiyə Müharib Qazilər Dərnəyinin başqanı Şükrü Tandoğan, dərnəyin Mersin şöbəsinin başqanı Kamal Cındız bu gəlişin Mersinin 97-ci illiyi ilə əlaqədar keçirilən tədbirlərə fərqli bir ovqat, xüsusi bir rəng qatdığını dilə gətiriblər. Mersinin qurtuluşunun Türkiyənin İstiqlal savaşının qalibiyyətlə sona yetməsində mühüm səhifə olduğunu qeyd edən şəhər valisi belə bir şanlı qələbənin tezliklə Azərbaycanda, Qarabağda, işğal olunmuş digər bölgələrimizdə də əldə ediləcəyinə olan dərin inamını ifadə edib.
B.Kocamaz isə ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq bunun təkcə sözdə deyil əməldə də reallaşdığını, bu birliyin, vəhdətin bir çox mühüm uğurlara vəsilə olduğunu qeyd edib.
Azərbaycan nümayəndə heyəti üzvlərindən Türkiyə təmsilçisi Camal Barış, tibb təhsilini Türkiyədə tamamlayan, İstanbulda çalışan Fatma İsgəndərova, eləcə də digər qonaqlar bu görüşün önəmini vurğulayıb, Mersində həm Türkiyə, həm Azərbaycan qazilərinin, media nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin bir araya gəlməsinin bu sahdəki əməkdaşlığın yeni bəhrələr verəcəyinə inamlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin mersin görüşləri davam edəcək.
Qeyd edək ki, səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.