XİH amerikalı həmsədrin fikirlərinə cavab verdi Hadisə

XİH amerikalı həmsədrin fikirlərinə cavab verdi

"Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır"

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. ATƏT-in Minsk qrupu çərçivəsində Bakı ilə İrəvan arasında aparılan bu danışıqlar münaqişənin həllinə və böyük sülh sazişinin imzalanmasına yönəlib".
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter"dəki fikirlərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Qeyd edək ki, C.Uorlik "Twitter"dəki səhifəsində bunları yazıb: "Kiprin yunan və türk icmaları bəyan edib ki, Kipr problemi ilə bağlı yaxşı hazırlanmış danışıqlara başlayır. Dağlıq Qarabağ məsələsində bu niyə olmasın?"
Ermənistan mətbuatı isə bu sözləri həmsədrin Qarabağ danışıqlarının formatının dəyişməsinə və prosesə Dağlıq Qarabağın qoşulmasına çağırış kimi dəyərləndirib. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər nazirliyi" "Twitter" səhifəsində bunları yazıb: "Biz səfir Uorliklə razıyıq ki, Dağlıq Qarabağın birbaşa iştirakı ilə tamformatlı danışıqların bərpasının vaxtı çatıb".