Repressiya qurbanı Mədinə xanım Vəkilova Hadisə

Repressiya qurbanı Mədinə xanım Vəkilova

Onun haqqında agent məlumatları maraqlı məqamlardan xəbər verir

III yazı

Müxtəlif agentlərdən toplanmış məlumatlardan belə görünür ki, onların hamısı Mədinə xanımın Müsavat Firqəsinin keçmiş üzvləri ilə əlaqəsini müəyyənləşdirmək, onun apardığı işlərə işıq salmaq üçün xüsusi tapşırıqlarla onun yanına göndərilirdilər. Məsələn, agent "Konstantinopol" 1925-ci il iyunun 3-də bu xəbəri gətirib: "...Müəllimlərin buraxılışında xalq maarif komissarı Mustafa Quliyev, onun müavini Məmmədzadə, Türkiyə konsulu Fərdi bəy, onun katibi İdris bəy və Pedaqoji Texnikumun digər işçiləri iştirak edirdilər. Qiyasbəyova Müsavat xarakterli qısa bir çıxış elədi".
Agent "Malyariya" (əcəb spesifik ləqəbdir!) 1925-ci il iyunun 12-də məlumat verirdi: "Söhbət zamanı Qiyasbəyova ona xəbərdarlıq elədi ki, DSİ orqanları onunla maraqlanırlar, guya bunu həbs edilmiş Kərbəlayevdən, Musaxanovdan öyrənib-bilib, habelə Məlik Yeqanovu onun barəsində sorğu-suala tutublar. Daha sonra o, (Mədinə xanım - İ.U.) dedi ki, Moskvada guya Xan Naxçıvanskini güllələyiblər, qəzalarda günahsız adamları həbs edirlər". Agent "Rozanova" məlumat verir ki, "Mədinə xanım Müsavat hökuməti DİN naziri Mustafa Vəkilovun əmisi qızıdır. Bu yaxınlarda Mədinə xanım Ağdama getmişdi, orada onu təntənə ilə qarşılayıblar".
Bu məlumat alındıqdan sonra Məxfi Siyasi şöbə (MSŞ) Ağdama xüsusi məktub göndərərək məlumat verir ki, "Qiyasbəyova orada olanda fəal əksinqilabi iş aparıb, müəllimlərdən bəzilərini və ayrı-ayrı şəxsləri bu işə cəlb edib". Ağdam RŞ -dən alınan cavab məktubunda bildirilirdi ki, Qiyasbəyova doğrudan da Ağdamda olub, lakin Müsavat xarakterli heç bir əksinqilabi fəaliyyətlə məşğul olmayıb.
Daha sonra elə həmin "Rozanova 1925-ci il iyulun 12-də məlumat verirdi ki, 1924-cü ilin yayında Həmid Sultanovun mənzilindən bir mərtəbə aşağıda yaşayan Usub bəy Sultanovun mənzilində müsavatçıların gizli yığıncağı keçirilmiş, iclas zamanı ortada onların apardıqları işlər üçün xərclənməli olan xeyli qızıl olmuşdu, lakin iclas iştirakçıları bu binada axtarış aparılacağından xəbər tutaraq, qızılları Həmid Sultanovun bir işçisinin vasitəsi ilə saxlanmaq üçün Mədinə xanıma ötürmüşlər. Agent "Revolyusioner" 1926-cı il dekabrın 28-də məlumat gətirmişdi ki, Qiyasbəyova həbsə atılanların ailələrinə yardım üçün pul toplanışında iştirak edir. Daha sonra həmin agent 1927-ci il mayın 24-də xəbər verirdi ki, Qiyasbəyovanın söylədiyinə görə, məhbus ailələrinə yardım göstərilməsi üçün pul toplanışında iştirak edir. Daha sonra həmin agent 1927-ci il mayın 24-də xəbər verirdi ki, Qiyasbəyovanın söylədiyinə görə, məhbus ailələrinə yardım göstərilməsi üçün Məlik-Yeqanovun yaratdığı komitə artıq işə başlayıb. Lakin Müsavat Firqəsi MK-nın keçmiş sədri Məmmədəli Rəsulzadə Məlik-Yeqanova etibar etmir, onu şübhəli adam sayır.
Agent "Səfərov" isə 1928-ci il iyulun 28-də məlumat vermişdi ki, professor Çobanzadə onunla söhbətində müsavatçılar sırasında Qiyasbəyova Mədinə xanımın, Atababa Musaxanlının, Mirzə Cabbar Məmmədovun və Əli Səbri Qasımovun adlarını çəkmişdi. Agent "Ərəb" 1928-ci il dekabrın 12-də bildirirdi ki, müsavatın keçmiş rəhbərlərindən Əbdül Vahab siyasi işlərdə Mədinə xanıma etibar etmir, Türkiyə konsulu Fərdi bəy də ona etibar etmir. Qiyasbəyova doktor Qədimov Abbas üçün onun vasitəsi ilə pasport almaq istədikdə, Fərdi bəy ona etibar etməmiş və pasport verməkdən boyun qaçırmışdı...
Agent "Səfərov" 1928-ci il dekabrın 17-də xəbər çatdırmışdır ki, Çobanzadə Qiyasbəyovanın evinə gedib-gəlir, onu Krım millətçiləri tanış etmişdi.
Agent "Ərəb"in başqa bir məlumatında deyilirdi ki, Qiyasbəyova onunla söhbətində Məlik-Yeqanovun təşkilati işlərdən çəkindiyini söyləmişdi, Mədinə xanım özü Kərbəlayı Vəli və digərlərini fəaliyyətdən çəkinməyə, lüzumsuz qurbanlar verməməyə inandırmağa çalışıb. "Səfərov"un başqa bir məlumatında deyilirdi ki, Çobanzadə, Zeynallı tez-tez Qiyasbəyovanın mənzilinə toplaşırlar. Mədinə xanım bərk qorxur, DSİ orqanlarının onu izlədiklərini söyləyir.
"Ərəb" 1929-cu il noyabrın 29-da məlumat verirdi ki, Qiyasbəyova onu Məlik-Yeqanovla calaşdırıb. Söhbət əsnasında agent ona müsavat ədəbiyyatı təklif edib, lakin Məlik- Yeqanov bu ədəbiyyatı qəbul etməkdən imtina edib. Yeri gəlmişkən, bu agent XDİK rəhbərlərindən Borşevlə bağlı idi, onun tapşırığına əsasən dəfələrlə Qiyasbəyova və Məlik-Yeqanovun mənzillərində olmuş, onları dolaşdırmaqdan ötrü müsavat ədəbiyyatı təklif etmişdi.
30-cu illərin əvvəllərində Mədinə xanımın ətrafında daha çox "Verni" ləqəbli agent dolaşırdı. Onun 1933-cü il noyabrın 7-də gətirdiyi məlumatda deyilirdi ki, "Qiyasbəyova ilə Bakıdakı son hadisələr və dəyişikliklər barədə, xüsusən də Bünyadzadənin və onun tərəfdarları olan Yusif Qasımovun, Əliheydər Qarayevin, Zeynalovun, Rəcəbovun və başqalarının vəzifələrindən azad edilmələri barədə söhbət elədik. Qiyasbəyovanın söylədiyinə görə, onun yerinə əsas namizəd Bağırovdur və bu dəyişikliklərdən milli işlərdə istifadə etmək istərdi. Onun 1932-ci il martın 4-də gətirdiyi məlumatda Mədinə xanımın sürgündən qayıtmış müsavatçı Əbdül Vahab Məmmədzadə ilə görüşdüyü xəbər verilir, deyilirdi ki, Əbdül Vahab ona təşkilati işlərdən çəkinməyi və məhbus ailələri üçün pul toplanışını dayandırmağı məsləhət görmüşdü. "Vernı" 1933-cü il dekabrın 25-də xəbər vermişdi ki, doktor Qədimov Qiyasbəyovanın yanına gələrək İrana keçməkdə ona kömək etməsini xahiş etmişdi. Aradan 3 il keçdikdən sonra Mədinə xanımın həbsində bu xəbər də xüsusi rol oynamışdı.
...Mədinə xanım 1933-cü ildən bir növ siyasi işlərdən uzaqlaşmışdı. Bunu belə bir fakt sübut edir ki, agent "Vernı"nın (19 mart 1933-cü il) və agent "Fikrət"in (26 sentyabr 1933-cü il) məlumatlarında onun siyasi mövzulardan qaçdığı, siyasətlə ümumiyyətlə, maraqlanmadığı bildirilirdi. Görünür, nəsə duyduğundan son dərəcə ehtiyatlı davranırmış. Agent "Yardım"ın 1934-cü il martın 25-də ona müraciət edərək müsavatçı mühacir Mustafa Vəkilovla əlaqə yaratmaqda ona kömək etmək xahişinə razılıq verməmişdi. Mədinə xanım bildirmişdi ki, Mustafa ilə heç bir əlaqəsi yoxdur.
Müxtəlif agentlərin digər məlumatlarında əsasən Mədinə xanımın Ruhulla Axundov, Çobanzadə, Zeynallı və parlamaqda, şöhrətin zirvəsinə yüksəlməkdə olan şair Səməd Vurğunla, digər siyasi və ictimai xadimlərlə münasibətlərinə işıq salınırdı...
Mədinə xanımdan bir ay sonra - 1937-ci il yanvarın 7-də doktor Abbas bəy Qədimov da həbs edildi. Onun da məhbəs günləri başlamışdı... Dekabrın 10-da Platonovun Mədinə xanımı dindirməsi bu şəkildə cərəyan edirdi.
Sual: - İstintaq tərəfindən müəyyən edilib ki, siz qeyri-leqal əksinqilabi Müsavat təşkilatının üzvüsünüz. Bunu etiraf edirsinizmi?
Cavab: - Xeyr, etiraf etmirəm.
Sual: Müasavatçılardan kimləri şəxsən tanıyırsınız?
Cavab: Müsavatçılardan aşağıdakı adamları şəxsən tanıyırdım:
1. Vəkilov Rəhim, Müsavat parlamentinin keçmiş üzvü, əksinqilabi müsavatçı fəaliyyətinə görə sürgündə olub. Qohumumdur, əmizadəmdir. 1934-cü ildə Tiflisdə həyatını intiharala başa vurdu. Solovkidən qayıdandan sonra orada yaşayırdı.
2. Vəkilov İsfəndiyar, atamın dayısı oğludur, sürgündə olub. 1936-cı ilin noyabrında sürgündən qayıtdı. Kirovabadda yaşayır.
3. Vəkilov Zəkəriyyə, atamın dayısı oğludur, sürgündə olub. Haradasa 1933-cü ildə qayıtdı. Bakıda yaşayır.
4. Baharlı Məmmədhəsən, sürgündə olub, Bakıda yaşayır.
5. Rəhimov Əbdülhəsən, müəllimdir, mən onunla bir məktəbdə dərs demişəm. Hazırda sürgündədir.
Sual: Bu şəxslərin müsavatçı olduqları sizə hardan məlumdur?
Cavab: Vəkilov Rəhim öz müsavatçı baxışlarını gizlətməzdi. Qalanların müsavatçı olduqlarını ondan bilirəm ki, onlar müsavatçı fəaliyyətlərinə görə sürgün ediliblər. Şəxsən mənim yanımda bu şəxslər öz müsavatçı baxışlarını heç vaxt gizlətməzdilər.
Sual: Məmmədhəsən Baharlı sürgündən qayıtdıqdan sonra onunla harada və nə zaman görüşmüsünüz?
Cavab: Baharlı sürgündən qayıtdıqdan sonra onu cəmi bir dəfə görmüşəm. Bu, 1934-cü ilin birinci yarısında olub. Rəhim Vəkilovun sürgündə necə yaşadığını öyrənmək məqsədi ilə onunla bacısıgildə görüşdüm...

İsmayıl Umudlu,
araşdırmaçı