Dövlət orqanlarında “ASAN Xidmət” standartları necə tətbiq olunur? Hadisə

Dövlət orqanlarında “ASAN Xidmət” standartları necə tətbiq olunur?

"ASAN Xidmət" mərkəzlərində rəhbər tutulan standartların dövlət orqanlarının xidmət mərkəzlərində tətbiqi vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb.
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən, "ASAN Xidmət" mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Açıq Hökumət Platformasının üzvü "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İB-nin eksperti Rəna Səfərəliyeva tərəfindən sözügedən bəndlə nəzərdə tutulan tədbirlərin icrası vəziyyətinin öyrənilməsi üçün monitorinq aparılıb.
Monitorinqin keçirilməsində məqsəd dövlət qurumlarının xidmət mərkəzlərində "ASAN Xidmət"in fəaliyyət prinsiplərinin tətbiqi ilə bağlı gerçək vəziyyəti öyrənmək və xidmət mərkəzlərinin fəaliyyətini daha da gücləndirmək üçün tövsiyyələr hazırlamaqdır.
Monitorinq 6 dövlət qurumunu (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC, Mərkəzi Poçt Şöbəsi nəzdində 1 saylı Şəbəkə Rabitə Xidmətləri Mərkəzi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi, Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi, Vergilər Nazirliyi Nəsimi Rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi İnformasiya Təminatı Sektoru, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi) əhatə edib.
Monitorinqin nəticələrinə əsasən hesabat hazırlanıb. Azərbaycan Açıq Hökumət Platformasnın Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirində nəticələri açıqlayan Rəna Səfərəliyeva bildirib ki, "hesabat 6 dövlət qurumunun xidmət mərkəzlərinin fəaliyyətinin şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət, vətəndaş məmnuniyyəti meyarları əsasında monitorinqinin nəticələrini açıqlayır və xidmət mərkəzlərinə daha da asan xidmət göstərmələri üçün ümumi və xüsusi tövsiyələr təqdim edir. Xüsusilə də ictimai xidmətlərin əhaliyə çatdırılması zamanı müxtəlif dövlət qurumları arasında mövcud olan qarşılıqlı əlaqələrin vəziyyətinə ayrıca diqqət yetirilir".
Nəticələrə əsasən, xidmət mərkəzlərinin əla nəticə göstərdiyi meyarlar nəzakətlilik, daha sonra məsuliyyət, rahatlıq və operativlik müəyyən olunub. Şəffaflıq meyarı üzrə nəticələri orta səviyyədə qiymətləndirmək mümkündür. Vətəndaş məmnuniyyəti meyarı ilə bağlı nəticələr isə aşağı olub. Bu nəticələrdən belə qənaətə gəlmək mümkündür ki, monitorinqə cəlb edilmiş xidmət mərkəzləri şəffaflığı təmin edən mexanizmləri təmin etməli, ən əsası isə vətəndaş məmnuniyyətini öyrənən mexanizmləri tətbiq etməlidir.
Xüsusilə qeyd edilməlidir ki, 2017-ci ilin monitorinqinin nəticələri ilə müqayisədə 2018-ci ildə ciddi irəliləyiş müşahidə olunur. Bütün meyarlar üzrə ortalama 10% irəliləyiş baş verib ki, rahatlıq meyarında bu göstərici 20%-dən də yüksək olub.
Təqdimatdan sonra müzakirələrdə səslənən fikirlərə münasibət bildirən Rəna Səfərəliyeva sualları cavablandırıb və monitorinqin aparılmasında verdiyi dəstəyə görə Azərbaycan Açıq Hökumət Platformasına təşəkkür edib.