Yeni İngilis dili Resurs Mərkəzinin açılışı olub Hadisə

Yeni İngilis dili Resurs Mərkəzinin açılışı olub

Yanvarın 11-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbində İngilis dili Resurs Mərkəzinin açılışı olub. Resurs Mərkəzinin açılışı Təhsil Nazirliyi, Böyük Britaniya hökuməti və "British Council" təşkilatının dəstəyi ilə reallaşdırılıb.
Təhsil Nazirliyindən bildiriblər ki, açılış mərasimində nazir müavini Məhəbbət Vəliyeva Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu əməkdaşlıq çərçivəsində "British Council" təşkilatı 25 il ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Həmin layihələrdən biri də Azərbaycanda İngilis dili Resurs mərkəzlərinin yaradılmasıdır. Layihənin əsas məqsədi müəllim və şagirdlərin ingilis dili bacarıqlarının, xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Nazir müavini bildirib ki, 2016-cı ildən indiyədək ümumi təhsil müəssisələrində 11 İngilis dili Resurs Mərkəzi yaradılıb. Mərkəzlər ingilis dilinin öyrənilməsi üçün zəngin kitab resursları, audio və videomateriallar, jurnallar, elektron resurslar və bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Füzuli rayon 50 nömrəli tam orta məktəbində açılan İngilis dili Resurs Mərkəzi təşkilatın 12-ci ingilis dili mərkəzidir. Yanvar ayı ərzində Laçın rayon Quşçular kənd tam orta məktəbində daha bir İngilis dili Resurs Mərkəzinin açılışı nəzərdə tutulur. M.Vəliyeva İngilis dili Resurs mərkəzlərində çalışan müəllimlərin 4 ay müddətində təlimlərdə iştirak etdiyini və xüsusi metodlara yiyələndiklərini də diqqətə çatdırıb.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts resurs mərkəzinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib və şagirdlərin ingilis dili üzrə biliklərinin zənginləşməsinin iki ölkə arasında əlaqələrə töhfə verəcəyinə əminliyini bildirib.
"British Council" təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah qeyd edib ki, yeni mərkəz azərbaycanlı şagirdlərin ingilis dili üzrə biliklərə yiyələnməsi ilə yanaşı, gələcəkdə karyera qurmalarına da kömək edəcək. S.Şah mərkəzdə şagirdlərə komanda şəklində işləmək, liderlik qabiliyyəti kimi bacarıqların da öyrədildiyini deyib.
Mərkəzdə olan kitabxanadan, elektron resurslardan 50 nömrəli məktəbin şagird və müəllimləri ilə yanaşı, yaşayış massivində yerləşən Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər, Xocavənd rayonu Nərimanlı kənd və Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəblərin şagird və müəllimləri də istifadə edə biləcəklər.