Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib Hadisə

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, "20 Yanvar" Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Türkiyənin İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında "Qardaşlaşmış münasibətlər" mövcuddur və 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında niyyət protokolu imzalanmışdır. Ötən dövr ərzində Nəsimi rayonu və İzmit şəhərində hər iki tərəf üçün əhəmiyyət daşıyan mühüm tədbirlər həyata keçirilmiş, nümayəndə heyətlərinin, o cümlədən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutmuşdur.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qonaqpərvərliyə və isti münasibətə görə minnətdarlıq edərək 20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" prinsipinə uyğun olaraq hər iki ölkənin gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Əmin olduğunu bildirdi ki, səfərdə olan Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olundu.