Təhsil proqramları sadələşdiriləcək Hadisə

Təhsil proqramları sadələşdiriləcək

"Təhsil proqramlarının sadələşdirilməsi məsələsi aktualdır. Bu istiqamətdə hazırda Təhsil Nazirliyi tərəfindən iş aparılır. Bildiyimə görə, ilkin mərhələ artıq başa çatmaq üzrədir".
Bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Deputatın sözlərinə görə, müstəqilliyin əldə edildiyi illərdə bu sahədə müəyyən nöqsanlara yol verilib.
"Bu gün dərsliklərdəki mürəkkəb texnologiya, şagirdlərin dünyagörüşünə uyğun gəlməyən formullar sadələşdirilməlidir. Bunu valideynlər də belə istəyir. Təhsil Nazirliyi də bu istiqamətdə iş aparır. Bildiyimə görə, ilkin mərhələdə bu proses başa çatmaq üzrədir. Biz bu məsələni Təhsil Nazirliyi ilə birgə parlamentdə müzakirə etmək istəyirik. Çünki biz ancaq bu istiqamətdə nazirliyin işinə töhfə verə bilərik".
Deputat qeyd edib ki, təhsildə ödəniş qiymətlərinin tənzimlənməsi məsələsi əmək bazarının tələbatına uyğun olaraq tələb və təklif əsasında sərbəst qaydada müəyyən olunmalıdır.
"Ancaq müəyyən tənzimləyici orqana ehtiyac var. Çünki bəzi şişirtmələr mövcuddur. Yeni bəndin salınmasını təklif edirəm. Belə ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üzrə müvafiq nəzarəti həyata keçirə bilər".