“Azərbaycana qarşı davam gətirmək onlara çox çətin olacaq” Hadisə

“Azərbaycana qarşı davam gətirmək onlara çox çətin olacaq”

"Dürüst və açıq danışmağı təklif edirəm: 11 mart tarixində başlayan Azərbaycan ordusunun döyüş hazırlığının tərkib hissəsi olan birləşmiş qruplaşmanın bu tip döyüş təlimləri, həmişəki kimi özündə ölkə hakimiyyətinin siyasi iradəsinin nəticəsini ehtiva edir. Bu, Ordu rəhbərləri üçün bir orientirdir, əslində bütün hərbi personal üçün hərbi quruculuğun hansı istiqamətdə inkişaf etdiyini, hansı konkret və praktiki məqsədlərin (hərbi hissələrdə başqa cür ola bilməz) əldə olunmasının göstəricisidir".
Bu barədə tanınmış rusiyalı politoloq Oleq Kuznetsov Azərbaycan Ordusunun geniş miqyaslı təlimlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, təlimlərdə 10000 nəfərə qədər şəxsi heyət, 500 ədəd tank, zirehli nəqliyyat vasitələri, o cümlədən avtomobil və xüsusi texnikalar, 300-ə qədər müxtəlif çaplı raket artilleriya qurğuları, YARS və minaatan, 20-yə qədər ordu və cəbhə aviasiya vasitələri iştirak edəcək.
Kuznetsovun sözlərinə görə, martın 11-dən 15-dək keçirilən təlimlər təsdiq edilən və açıqlanan direktivə uyğun olaraq açıq hücum xarakteri daşıyacaq. Onların keçirilməsi zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd edildiyi kimi, bu təlimlərdə düşmənin eşalonlaşdırılan müdafiəsini reaktiv və lüləli artilleriyanın, döyüş təyyarələrinin, tankların və piyada birliklərinin birgə hücumu ilə yarmaq üçün taktiki üsullar yerinə yetiriləcək.
Təbii ki, bu manevrlərin əsasını 2016-cı ilin aprelində Azərbaycan Ordusunun işğal olunan Qarabağın şimal-şərq istiqamətində alayın möhkəmləndirilən müdafiə rayonunun məhv edilməsi ilə bağlı döyüşlərdə əldə edilən təcrübəsi təşkil edəcək. Yəqin ki, bu dəfə hücumun bütün mərhələlərində düşmən üzərində tam atəş üstünlüyünə nail olmaq üçün onun canlı qüvvəsinə və texniki vasitələrinə maksimal ziyan vurmaqla, şəxsi heyət arasındakı itkiləri minimuma endirməyə diqqət yetiriləcək.
Təlimlərin məzmununun belə bir məntiqi, son illərdə Rusiyadan və digər ölkələrdən hücum silahlarının kütləvi alınmasının həyata keçirilməsi ilə Azərbaycanın hərbi-texniki potensialının təkmilləşdirilməsi vektoru ilə təmamilə uyğun gəlir. İndi onların toplanmasını dayandırmaq və döyüş zonasında praktiki istifadə etmək üçün qoşunların hazırlanması zamanı gəlib.
Azərbaycan Ordusunun Qarabağın erməni işğalından azad etməsi üçün müharibəyə hazırlıq mərhələsinə keçdiyini başa düşmək üçün alim olmağa ehtiyac yoxdur. Bundan başqa, Bakıda heç kim bu həqiqəti gizlətmir, belə bir xarakterə və istiqmətə malik manevrlərin keçirilməsi də onu təsdiqləyir.
Son 25 ildə ermənilərin Qarabağı öz torpaqları hesab etməsi vərdiş halına gəldiyi üçün təbii ki, bu hadisə Ermənistanda çaxnaşmaya yaxın bir həyəcan yaradır. İndi isə bu torpaqların əsl sahibləri döyüş silahı dilində onları kifayət qədər aydın başa salırlar ki, bu vərdiş tez bir zamanda bitməlidir, onun təsiri altında meydana gələn stereotiplər isə başdan uçmalıdır.
Başa düşmək vacibdir ki, erməni hərbçiləri də axmaq deyillər, onlar gözəl başa düşürlər ki, döyüş sahəsində silahların say və keyfiyyəti nisbətinə görə Azərbaycana qarşı davam gətirmək onlara çox çətin olacaq, şəxsi heyətin mənəvi iradə xüsusiyyətləri ilə rəqibi dəf etmək artıq qeyri-mümkündür.
Mən inanıram ki, Ermənistanın hərbi liderləri öz siyasi rəhbərliyinə vəziyyətlə bağlı məruzə edərək onu danışıqlar masasının ətrafında "öz oxu ətrafında fırlanmaq" və populist bəyanatlar vermək əvəzinə real gündəliyi müzakirə etmək üçün mümkün qədər tez masaya oturmağa məcbur edəcəklər.
Bu mənada mart 11-15-də keçiriləcək təlimlər İrəvanı heç bir fokus göstərmədən danışıqlar masasına otuzdurmaq üçün bir jestdir, çünki Ermənistan müharibə olacağı təqdirdə məğlubiyyətinin qaçınılmaz olacağını tam anlayır. Bəlkə də azərbaycanlılar İrəvanın əsrlər boyu qoruyub saxladığı lovğalığı məhv edərək erməniləri dünyaya olduğu kimi baxmağa məcbur edə bildilər. Bir sözlə, qədim latınlar "sülh istəyirsənsə, müharibəyə hazır ol" atalar sözündə haqlı olublar",- deyə O.Kuznetsov fikirlərini tamamlayıb.