Peşə təhsili müəssisələrinə sənəd qəbulu aparılır Hadisə

Peşə təhsili müəssisələrinə sənəd qəbulu aparılır

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov sənəd qəbulunun gedişatı ilə əlaqədar jurnalistlərə müsahibə verib. Zamin Bədirxanov avqustun 16-dək 7400-ə yaxın müraciət qeydə alındığını bildirib. Diqqətə çatdırıb ki, müraciət edənlər əsasən aşpaz, dərzi, aqroservis mütəxəssisi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, elektrik qaz qaynaqçısı, kompüter operatoru və bərbər ixtisaslarına üstünlük veriblər. Ərizə qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada davam edəcək. Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur. Boş qalan yerlərə sənəd qəbulu da elektron qaydada aparılacaq. Əlavə qəbul avqustun 26-dan başlanacaq və 5 gün davam edəcək.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesinə 132 könüllü cəlb olunub. Bu fikri jurnalistlərə müsahibəsində “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev söyləyib. O bildirib ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu 15 “ASAN xidmət” mərkəzində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. “Sənəd qəbulu avqustun 20-dək davam edəcək. Çalışırıq ki, mərkəzlərimizdə vətəndaşlara yüksək səviyyədə xidmət göstərək. Bu günə qədər 5100-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Proses dinamik şəkildə davam edir”, - deyə Cahangir Hacıyev bildirib.