“Cəza mexanizmi yoxdur...” Hadisə

“Cəza mexanizmi yoxdur...”

Namiq Əliyev: "Təşviş yaradan jurnalist birbaşa ölkənin milli təhlükəsizliyini təhdid edir"
Əli Məsimli: "Çoxu bunu bilmir və bu səbəbdən də məlum vəziyyət yaranır"
Sahib Alıyev: "Mediada savaş aparanlardan heç də hərbçilərdən az peşəkarlıq tələb olunmur"

Son zamanlar Azərbaycan Kütləvi İnformasiya Vasitələrində cəbhədə baş verənlərlə bağlı ziddiyyətli xəbərlər yayılır. Bir sıra ekspertlər medianın müəyyən məsələlərdə səhvə yol verdiyini bildirirlər. Qeyd edək ki, Müdafiə Hazirliyi də mətbuatı diqqətli olmağa çağırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, artıq bizim bəzi kütləvi informasiya vasitələrimizin (KİV) fəaliyyəti sayəsində Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası hərəkəti, hərbi hissələrin dislokasiyası haqqında məlumatları əldə etməsinə heç bir maneə, problem qalmayıb. Sadəcə həmin KİV-ləri izləməklə bu məlumatları rahat əldə etmək olar. Bu isə çox böyük təəssüf doğurur. Onun sözlərinə görə, hərbi hissələrin dislokasiya yerləri, komandanlıq haqqında fərdi məlumatlar, döyüş texnikasının yerdəyişməsi, onların sayı, bir məntəqədən digərinə hərəkət etməsi haqqında məlumatlar hərbi sirr sayılır, buna görə də onları yaymaq olmaz: "Bəzi insanlar hərbi texnikanın yerdəyişməsini görən kimi fotoşəklini çəkib sosial şəbəkələrə və KİV-ə yerləşdirib yayırlar. Müdafiə Nazirliyi belə halların qəti əleyhinədir. Bizim tərəfimizdən bununla bağlı KİV-lərə, ictimaiyyətə dəfələrlə müraciət edilib. Sadəcə olaraq nəticəsi yoxdur. Bu da çox böyük təəssüf doğurur".
Vaqif Dərgahlı həmçinin qeyd edib ki, bu hal KİV-lərin və jurnalistlərin heç də hamısına aid deyil. Onların əksəriyyəti dövlətçilik mövqeyindən çıxış edir, həmçinin jurnalistlər vətəndaş mövqeyini bildirir, dövlət maraqlarını müdafiə edir, eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək ifadə edirlər. Amma elələri də var ki, kimliyi, arxasında kimlərin durduğu bəlli olmayan mənbələrdən - sosial şəbəkə səhifələrindən və saytlardan istifadə edirlər: "Fikrimizcə, belə mənbələrdən istifadə edib əhalini çaşdıracaq məlumatlar paylaşmaq qəti şəkildə olmaz. Biz bunu dəstəkləmirik və təəssüf edirik. Ona görə də əhaliyə bir daha müraicət edərək bildiririk ki, həm bəzi KİV-lərdə, həm də sosial şəbəkələrdə gedən dezinformasiya xarakterli məlumatlara inanmasınlar. Bu məlumatları dəqiqləşdirmək lazımdır. Dəqiqləşdirmək üçün yalnız bir rəsmi mənbə var. Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətidir. Yalnız mətbuat xidməti ilə əlaqə saxladıqdan sonra bütün məsələləri aydınlıqla yazmaq, istifadə etmək, paylaşmaq olar.
Müdafiə Nazirlyinin rəsmi internet səhifəsi intensiv olaraq məlumatları operativ şəkildə yayır. Bundan əlavə, mətbuat nümayəndələri həm şəhər, həm də mobil telefonlarla zəng edib istənilən məlumatı ala bilərlər. Biz yayılması mümkün olan heç bir məlumatı gizlətmirik".
Müdafiə Nazirliyi həmçinin Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir".
Qeyd edək ki, dünən bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb.
Ümumiyyətlə qoşunların təmas xəttində baş verən son hadisələrlə bağlı yaylan məlumatlar yayan, əhalini təşvişə salmağa cəhd edən media qurumlarına qarşı hansı inzibati və cinayət cəzaları tətbiq oluna bilər?
Millət vəkili Əli Məsimli diqqətə çatdırdı ki, Qarabağda baş verən olaylarla bağlı məlumatların dövlətçilik təfəkkürü süzcəkindən keçəndən sonra mətbuata verilməsi məsələsi orada çalışan jurnalistlərlə işin tərkib hissəsi olmalıdır: "Onda belə hallar xeyli azalacaq. Çoxu bunu bilmir və bu səbəbdən də məlum vəziyyət yaranır".
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev "təəssüf ki, cəbhə xəttində baş verən hadisələrə dair yalan, təxribatçı, məsuliyyətsiz xəbərlər yayan, məqalələr yazanlar barəsində qanunvericilikdə ciddi və konkret cəza mexanizmi yoxdur",- deyə fikrini bildirdi. O, həmçinin əlavə etdi ki, yaydığı yalan xəbərlə əhali arasında təşviş yaradan, ordunu xalqın gözündən salmağa çalışan jurnalist birbaşa ölkənin milli təhlükəsizliyini təhdid etmiş olur: "Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Cəbhədəki vəziyyətlə bağlı hökmən rəsmi dövlət orqanlarının məlumatına istinad etmək lazımdır".
Millət vəkili Sahib Alıyev isə cəbhə bölgəsindəki vəziyyətlə bağlı yayılan dezinformasiyalardan sonra jurnalistlərə müraciət edib. Deputat bildirib ki, hər bir savaş iki müstəvidə aparılır: "Hörmətli jurnalist həmkarlarım və sosial şəbəkədə xəbər yayanlar. Unutmayın ki, müharibə cəbhədə və kütləvi informasiya vasitələrində aparılır. Kütləvi inormasiya vasitələrində savaş aparanlardan heç də hərbçilərdən az peşəkarlıq tələb olunmur. Əgər peşəkar deyilsinizsə, oxunsun deyə ağılınıza gələnləri yazmayın. Nəzərə alın ki, bu gün yayılan şişirdilmiş xəbərlər nə qədər ruh yüksəkliyi yaradırsa, sabah o təsdiqlənmədikdə ondan dəfələrlə artıq xəyal qırıqlığı doğurur". Sahib Alıyev qeyd edib ki, sosial şəbəkələr sorumsuz şəbəkələr rolunda çıxış edir: "Bir daha diqqətinizə çatdırıram ki, informasiya əslində ən çağdaş hərbi texnikadan daha mürəkkəb və daha dağıdıcı silahdır. Onunla necə davranmağı bilmək lazımdır. Çox təəssüf ki, hazırda sosial şəbəkələr sorumsuz şəbəkələr rolunda çıxış edir, savadsız şərhlər, lazımsız informasiyalar, bəzən isə təxribat xarakterli fikirlər səsləndirilir. Heç təsəvvür edirsinizmi peşəkarlıqdan uzaq eyni cür davranışı hərbçilərimiz də cəbhə xəttində sərgiləsələr nə baş verər".
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, prinsipcə, bu məsələ ilə bağlı konsepsiyanın qəbul olunmasına ehtiyac olduğunu bildirib: "Baxmayaraq ki, 20 ildir atəşkəsdir, amma zaman-zaman cəbhə xəttində gərginlik yaşanır. Son günlər isə gərginlik bir qədər də artıb və əvvəlkilərə bənzəmir. Bu gün Azərbaycanda bir nömrəli məsələ məhz sərhəd bölgəsində yaşananlardır. Ona görə də sözügedən məsələdə bir sıra qurumların üzərinə ciddi məsuliyyət düşür. Onlardan biri də məhz mediadır. Media baş verən hadisələri qərəzsiz və operativ şəkildə cəmiyyətə ötürməlidir. Çünki baş verən hadisələr vaxtında təqdim olunmasa, daha ciddi panik vəziyyət yarana bilər. Bu da heç arzuolunan deyil və cəmiyyəti başqa yönə yuvarlandırar. Ancaq, istənilən halda, baş verən hadisələrin necə təqdim olunması da önəmlidir.
Çox təəssüf ki, biz bəzən bunun xoş olmayan formada təqdimatının şahidi oluruq. Mən deməzdim ki, ənənəvi mediada bunun şahidi oluruq. Ancaq yeni mediada belə halların şahidi oluruq. Problem ondadır ki, özlərini xəbər portalları kimi təqdim edən saytlar bəzən heç bir əndazəyə sığmayan, ağına-bozuna baxmadan xəbərlər verirlər. Hətta bir sıra hallarda bu informasiyanın mənbəyi düşmən saytları göstərilir. Ona görə də bütün bunların qarşısı alınmalı və düzgün tənzimlənməlidir. Müharibə bölgəsindən verilən xəbərlərlə bağlı konkret kriteriyalar müəyyən olunmalı və bütün jurnalistlər buna əməl etməlidir".

Əli