5 azyaşlı uşaq Xəzərdə batdı Hadisə

5 azyaşlı uşaq Xəzərdə batdı

Daxili İşlər Nazirliyi 5 azyaşlının Xəzərdə batması faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyn, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərkən suda boğulublar.
A. Fərziyevanın, H. Fərziyevin və E. Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitlərinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətindən bildirilib ki, Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə batan 10 yaşlı Kəmalə Qafil qızı Əliyeva və onun qardaşı, 9 yaşlı Elgün Qafil oğlu Əliyevin axtarışları davam etdirilir.
Dənizdə batan digər üç nəfərin - 6 yaşlı Fariz Qafil oğlu Əliyev, 14 yaşlı Aydan Fikrət qızı Fərziyeva, onun qardaşı, 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyevin meyitləri isə tapılaraq ailələrinə təhvil verilib.
Dövlət Sulardan Xilasetmə Xidmətindən həmçinin bildirilib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar dünən axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.
Dövlət Sulardan Xilasetmə Xidməti vətəndaşlara müraciət edərək onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə ümumiyyətlə çimməməyə çağırıb.