Masallıda narkomaniya və erkən nikahlarla bağlı müzakirələr aparılıb Hadisə

Masallıda narkomaniya və erkən nikahlarla bağlı müzakirələr aparılıb

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən maarifləndirmə tədbirində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” və “Erkən nikaha yox deyək!” mövzularında müzakirələr aparılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən birinin narkomaniya olduğunu deyib. Şöbə rəisi “ağ ölüm”ün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı görüşlər keçirirlər. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri də fəal iştirak etməlidirlər.

Maarifləndirmə tədbirində çıxış edənlər erkən nikaha daxilolma məsələsinə də toxunaraq, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrinin onların təhsilinə, bir fərd kimi sonrakı inkişaflarına ciddi əngəl olduğunu, gələcəkləri üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdırıblar. Çıxışlarda, həmçinin bu istiqamətdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.