MN hərbi jurnalistlər də hazırlayacaq Hadisə

MN hərbi jurnalistlər də hazırlayacaq

Mətbuat nümayəndələri üçün isə hərbi jurnalistika və hərbi sirlərin qorunması mövzusunda treninqlər keçiriləcək

Bu il 69 gənc leytenant ayıraraq, mənəvi-psixoloji hazırlıq, jurnalistika və ictimaiyyətlə əlaqələr üzrə kurslara cəlb etmişik. Bunu Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani bildirib.
O deyib: "Bu il həm də Hərbi Akademiyanın birinci kursunda oxuyan 35 gənc zabiti hərbi-siyasi məsələlər üzrə kurslara cəlb etməyi düşünürük. Onlardan bəzilərini, bilik dərəcələrini nəzərə alaraq, jurnalist, mədəni-kütləvi işçi və təbliğatçı kimi vəzifələrə təyin edəcəyik. Hazırda jurnalist kimi fəaliyyət göstərən və yaşı 30-dək və 30-dan yuxarı olan gəncləri də zərurət yarandığı təqdirdə hərbi jurnalist kurslarına cəlb edəcəyik".
A.Qurbani bəzi media nümayəndələrindən də narazılığını da gizlətməyib: "Bəzi jurnalistlər yaydıqları yanlış məlumatlar sayəsində ictimaiyyətdə doğru olmayan rəy yaradırlar. Xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin ağır itkilər verməsi ilə balı verilən yanlış informasiyalar ictimaiyyətdə çaşqınlığa səbəb olur. Bütün bu problemləri nəzərə alan nazir Zakir Həsənovun əmri ilə gələn ildən etibarən hərbi jurnalistika sahəsi ilə bağlı açıq məlumatlar verilməyə başlanılacaq. Yaxın günlərdə isə Müdafiə Nazirliyində mətbuat nümayəndələri üçün hərbi jurnalistika və hərbi sirlərin qorunması mövzusunda treninqlərə də başlanılacaq."