Ötən ay 47 sərhəd pozucusu saxlanılıb Hadisə

Ötən ay 47 sərhəd pozucusu saxlanılıb

Cari ilin iyul ayında Azərbaycanın dövlət sərhədini pozduğu üçün 33 halda 47 nəfər saxlanılıb.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Saxlanılanların 24-ü Azərbaycan, 11-i Özbəkistan, 4-ü Moldova, 3-ü Gürcüstan, 2-si Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya, İran və Ukrayna vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozduğuna görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 22 kiloqram 166 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində İrandan Azərbaycana gələn 7 nəfərin bədənlərinin daxili orqanlarında gizlətdikləri narkotik vasitə aşkarlanıb. Bundan əlavə sərhədyanı rayonların ərazisində 4 halda 8,2 hektar sahədən ümumi çəkisi 13 ton 256,4 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli bitki yığılaraq müvafiq qaydada yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd pnevmatik tapança, 2 ədəd bıçaq, 2,365 qram civə, Rusiyaya aid olan 0,5 litrlik spirtli içkilər üçün 250 min ədəd saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, 1 ədəd qızıl saat, 405 ABŞ valyutası, 310 ədəd pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.