Psixoloji faktorlar insanı daha çox qocaldır Hadisə

Psixoloji faktorlar insanı daha çox qocaldır

Qocalmanın qarşısını almaq mümkünsüzdür, lakin onu ləngitmək olar

Mütəxəssislər bildirir ki, yaşa dolduqca insan beyni də tədricən qocalmağa başlayır. Otuz yaşından başlayaraq insan beynində hər gün 30-50 min sinir hüceyrəsi fəaliyyətdən düşür. Yapon alimləri və mütəxəssisləri ultrasəs şüaları vasitəsi ilə müxtəlif yaşda olan adamların beyinlərini işıqlandırmaqla belə bir nəticəyə gəliblər ki, beyni çox fəaliyyətdə olan adamlarda sinir hüceyrələrinin qocalması çox gec baş verir. Zehni əməklə məşğul olmayanlarda isə proses tez gedir.
Mütəxəssislər bunu belə izah edirlər ki, zehni işlə məşğul olan adamlarda beynə daha çox qan daxil olur və bu səbəbdən də əsəb hüceyrələri daha çox və daha yaxşı qidalanır.
İnformasiyanın axtarışı və onun mənimsənilməsi üçün sürətli təfəkkür lazımdır. Beynin belə məşqi onun xidmət müddətini artırır. Alimlərin fikrincə, İnternet də koqnitiv ehtiyatı artırır və beynin neyronlar şəbəkəsini genişləndirir və beləliklə, onun qocalma prosesini ləngidir.
Bu məlumatları 50 yaşından 89 yaşınadək olan 6422 britaniyalının iştirakı ilə aparılmış tədqiqatın nəticələri təsdiq edir. Məlum olub ki, ümumdünya şəbəkəsindən istifadə edilməsi həmin qrupun xeyrinədir. Onların müntəzəm surətdə şəbəkəyə çıxması yaşlı əhalinin rəqəmsal savad göstəricilərini artırır, həyat səviyyəsini yüksəldir, intellektini qoruyub saxlayır və təfəkkürünü sürətləndirir.
Lakin internetdən həddən artıq istifadə edilməsi şəkərli diabet və ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxarır və buna görə alimlər fəal həyat tərzi ilə informasiya əldə etmə prosesi arasında qızıl ortanı tapmağı məsləhət görürlər.
Con Hopkins universitetinin nevroloqu deyir ki, tez-tez müşahidə edilən unutqanlıq beynin yaşlanması ilə də əlaqəli ola bilər: "Biz beynin kanallarının deqradasiyaya uğradığını görürük və kanallar böyük yollara bənzəyir. Onlar beynin fərqli hissələrini birləşdirir. Bu hissələr bir biri ilə çox yaxşı əlaqə saxlamalıdırlar. Beləliklə gənc beyin bunu yaşlı beyinə nisbətən daha yaxşı edə bilir."
Yaşlı beyinlərin kanallarının sarsılması yeni məlumatlarla köhnə yaddaşdakı məlumatı qarışdıra bilər. Bu isə unutqanlığa və çaşqınlığa səbəb olur. Yaşlı beyinlər haqda daha çox məlumat əldə etmək üçün araşdırmaçılar beynin yaddaşı saxlayan hissəsinə - hippokampusa nəzər salıb: "Biz düşünürük ki, problem insanların oxşar təcrübələri ayırmaq istədikləri və ya fərq qoyduqları zaman yaranır."
Rentgenin vasitəsi ilə araşdırmaçılar bir-birinə oxşar və ya eyni iki şəkli müqayisə edən könüllülərin hippokampusuna diqqət yetiriblər. Yaşlı insanın beyni bir-birinə oxşar iki şəkil arasında fərqi ayırd etməkdə çətinlik çəkir. Mütəxəssislər yaddaş problemini hippokampusa gedən beyin kanallarının korlanması ilə izah edir: "Əgər yeni məlumatı qəbul edən hippokampusa gedən kanallar sıradan çıxıbsa, hippokampusda sadəcə köhnə məlumat qalır və beləliklə yeni məlumat əvəzinə köhnə məlumat istifadə olunur".
Mütəxəssislər deyir ki, beynin və ya bədənin yaşlanması prosesini ləngitmək üçün intellektual oyunlar oynamaq, oxunan əsərlərdən qeydlər etmək, beyni işlətmək gərəkdir.
Tarix boyunca çox yaşama ve qocalığın gəlişini gecikdirmənin sirrini kəşf etmək bəşər övladının ən mühüm hədəflərindən biri olub. Son iyirmi il ərzində gerontologiyanın (qocalma haqqında elm) qocalma prosesi üzərində apardığı təcrübələrin nəticəsində mühüm nailiyyetlər əldə edilib. Olduqca qarışıq bir bioloji proses olan qocalma hüceyrələrdən başlayaraq orqanlara kimi bütün bədən funksiyalarında, orqanizmin böyümə və inkişafında tədricən ortaya çıxan zəifləmələrin toplusudur. Qocalma prosesi xronoloji ve bioloji faktorların təsirinə məruz qalır. Xronoloji qocalma dedikdə insanda doğulduqdan sonra yaşadığı illərlə əlaqədar deyişikliklər nəzərdə tutulur. Bioloji qocalma isə bədəndə meydana gələn, insanın sağlamlığı və əmək fəaliyyəti ilə şərtlənən fiziki dəyişikliklərdir. Bu qocalmada irsi faktorlarla yanaşı kimyəvi, psixoloji, ekoloji faktorlar və həyat tərzi də mühüm rol oynayır.
İnsanlarda müşahidə olunan qocalma ilk öncə hüceyrədən başlayır. Bu proses insan orqanlarının və irsi hüceyrənin fəaliyyətinin bitməsi ilə davam edir. Nəticədə isə orqanizmin sıradan çıxması və ölüm hadisəsi baş verir.
İyerarxik bir quruluşda yaradılan insan bədənində həm qocalma, həm də ölüm üç fərqli kateqoriyalara bölünür: biomolekulların və ona aid olan hüceyrənin qocalması və ölümü; hüceyrə məcmusu ve orqanların qocalması və ölümü; orqanizmin ve ya sistemlerin qocalması ve ölümü. Bəzi tedqiqatçılar qocalmanın zaman faktoru ile izah olunmasına inanırlar. İnsanlarda xronoloji ve bioloji qocalma prosesleri paralel baş vermir, yəni bəzilerində xronoloji qocalma, bəzi insanlarda isə biololji qocalma daha sürətli baş verir. Bundan başqa, hər bir orqanın qocalma prosesi də fərqlidir. İnsan orqanlarının istifadə və qruluşları fərqli olduğu kimi, onların qocalma və sıradan çıxma müddəti də müxtəlifdir. Fərqli səviyyələrdə, fərqli proseslərlə baş verən qocalma və ölüm günümüzdə ölən insanlardan yaşayan insanlara gen və orqan köçürülməsini mümkün edib. Elm hansı səbəblərə görə qocaldığımızı və öldüyümüzü açıqlamaq məqsədilə bir çox nəzəriyyələr irəli sürülüb. Məsələn, sərbəst radikallar nəzəriyyəsi, genetik nezeriyyə, immunoloji ve endokrin nəzəriyyə ve s. Genetik nəzəriyyəyə əsasən, qocalmanın genetik şifremizdə yazılı olduğu və qocalma proqramının təmamilə ləğv edilə bilmədiyi, ancaq bu proqramın sürətini dəyişməyin mümkün olduğu vurğulanır. Alimlərin fikrincə, əgər ortada bir proqram varsa, onu proqramlaşdırmaq olar və qocalma geninə müdaxilə etməklə yaşlanmanın gecikdirilməsi mümkün olacaq.
Bu nəzəriyyəyə əsasən, ana betnindeki embrionun bir inkişaf proqramı olduğu kimi, insanın normal həyatı da körpəlik, uşaqlıq, yeniyetməlik, yetkinlik, qocalma ve ölüm proseslerini əhatə edən bir proqram əsasında inkişaf edir.
İmmunoloji ve endokrin nəzəriyyəyə əsasən, qocalmaya səbəb bəzi hormonların miqdarının azalması və ya immun sisteminin zəifləməsidir. İmmunitetdə çox mühüm bir vəzifə daşıyan timus vezinin yetişməsindən sonra funksiyalarının əsaslı şəkildə azalması müşahidə olunur. Qocalma ilə birlikdə vücudumuzun xəstəliklərlə savaşmasında böyük əhəmiyyət kəsb edən immun sisteminin funksiyaları azalır, viruslu, bakterial və ya diger xestəliklərə səbəb olan amillərə yol açılır.
Endokrin nəzəriyyəyə əsasən, endokrin vəzlərdə müşahidə olunan pozğunluq və ya çatışmazlıq qocalma prosesinin başlanmasına səbəb olur. Beyindəki epifiz vəzindən ifraz olunan melatoninin də çox böyük təsiri vardır, çünki melatonin yuxu-oyanma dönəminin tənzimlənməsində, yorğunluğu azaltmaqda, immun sisteminin gücləndirilməsində və s. mühüm rol oynayır. Bir çox tədqiqatçılar melatonin hormonunun az miqdarda ifraz olunmasının qocalmaya səbəb olduğunu vurğulayırlar. Qərbdə melatonin həbləri qocalma prosesini gecikdirən kimyevi maddələr olaraq satılır.
Bu həqiqətdir ki, bir orqanizmin qocalması və həyat müddəti yalnız insanın daxili fiziki və biokimyəvi xüsusiyyətlərilə tamamlanmır. Ömrün uzunluğu canlının xarici şəraitindən də asılıdır. Xarici faktorların təsiri insanlarda da müşahidə olunur. Ölümcül xəstəliklərin müalicəsindəki irəliləyişlər, bəslənmə və həyat şəraitinin yaxşılaşması (gigiyenik, sosial rifah və sağlamlığı qoruyan sistemlərin köməyi ilə) həm xarici faktorlara bağlı ölümləri azaltmış, həm də insanların daha gec qocalmalarına və ömrün uzanmasına səbəb olmuşdur.
Yaşlılıq prosesini araşdıran gerontologiya elmi insan ömrünün normal şəraitdə 115-120 il ola biləcəyini iddia edir. Lakin çox az insanlar bu yaşlara çata bilirlər. İnsanların çoxunun 115 ilə qədər yaşaya bilməmələrinin xarici səbəbləri arasında: fitri olmayan, insan təbiətilə uyğun gəlməyən həyat tərzi, siqaret, spirtli içkilərin istifadəsi, qeyri-sağlam yaşayış tərzləri, pis sosial-iqtisadi şərait, fizioloji və genetik xüsusiyyətlər əsas yer tutur. Məsələn, mütamadi olaraq fəst-fud tipli qidaya alışqanlıq və nisbətən hərəkətsiz həyat tərzi kökəlməyə, əsasən də bütün yaşlarda şəkər xəstəliyinin sürətlə artmasına səbəb olur. Kökəlmə prosesi böyümə hormonunun sintezini azaldaraq qocalma prosesini sürətləndirir və müxtəlif xəstəliklərə yol açmış olur.
İnsan yaşa dolduqca onun hüceyrələrinin çoxalma qabiliyyəti zəifləyir. Hüceyrələrin özlərini yeniləmə ve təmir etmə qabiliyyətinin azalması nəticəsində qocalma prosesi ortaya çıxmış olur. Sürətlə qocalan və ya ömrü qısa olan bir çox orqanizmlərdə aktiv bölünən hüceyrələrin sayının az olması, hüceyre DNT-sinin (DNK) surət çıxarma və ya bölünmə qabiliyyətini itirməsi müşahidə olunur.
Aparılan çoxsaylı araşdırma və tədqiqatlar göstərir ki, qocalmanın qarşısını almaq mümkünsüzdür, lakin onu ləngitmək olar. Belə ki, qocalmaya təsir edən müxtəlif faktorlar arasında psixoloji amillər bioloji amillərdən daha güclüdür. Tənhalıq, qorxu, narahatçılıq, stress, depressiya, inamsızlıq, sevdiklərindən ayrı qalma və digər faktorlar qocalmanın sürətlənməsində katalizator rolunda çıxış edir.
Qocalmanı gecikdirən ikinci dərəcəli faktorlar qəbul etdiyimiz qidanın miqdarı və tərkibi ilə bağlıdır. Alimlər müxtəlif qidalarda olan kalorinin miqdarının azaldılması nəticəsində ömrün uzadılmasının mümkünlüyünü iddia edirler. Laboratoriya heyvanları üzərində aparılan araşdırmalar qidanın heyvanların həyat müddətinin uzanmasına və qocalma neticəsində ortaya çıxan xəstəliklərin azalmasına səbəb olduğunu göstərir. Düzgün qidalanma qocalma sürətinin azalmasına səbəbdir. İnsan vücuduna lazım olan vitamin və mineralları düzgün şəkildə ala bilsə, öz vücud və sağlamlığını qorumaq şansını artıra bilər.
Lakin mütəxəssislər bildirir ki, insanı əsas qocaldan psixoloji amillərdir, çünki qida rasionuna qətiyyən fikir verməyən, sosial mühit baxımından heç də bəxti getirməmiş, lakin uzun və xoşbəxt həyat sürməyə nail olmuş saysız-hesabsız insanları buna misal göstərmək olar. Əksər insanlar isə maddi vəziyyətlərinin, sosial-iqtisadi durumun yüksək səviyyədə olmasına baxmayaraq, bir çox xəstəliklərlə üzləşməli və həyatları ilə vidalaşmalı olmuşlar. Bu, əsasən də psixoloji faktorların təsiri altında baş verir.

Ülviyyə Tahirqızı