“Media varlı olmalıdır” Hadisə

“Media varlı olmalıdır”

“Bu gün ikinci oxunuşunu müzakirə etdiyimiz 2020-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər təkmil hazırlanıb. Əminəm ki, burada səslənən təkliflər əsasında daha da təkmilləşəcək. Görünən budur ki, büdcəmiz sosial və investisiya yönümlüdür. Eyni zamanda əvvəlki illərə nisbətən də artım var. Bu sevindiricidir. Əminəm ki, artım daha səmərəli fəaliyyət üçün əsas verəcək”. Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentin plenar iclasında çıxışı zamanı deyib. “Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat müzakirə edilərkən deputatı seçildiyim Saatlı rayonunun ərazilərinin su ilə təmin olunması ilə bağlı məsələ qaldırmışdım”, - deyən deputat əlavə edib ki, buna həssas yanaşıldı: “İqtisadiyyat Nazirliyindən Milli Məclisin deputatı kimi ünvanıma gələn bu məktubu da həssas münasibətin göstəricisi sayıram. Qısaca onu diqqətinizə çatdırım. Məktub bildirilir ki, Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı tərəfinizdən irəli sürülmüş məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1355 nömrəli Sərəncamı ilə “Saatlı rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması” məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müvafiq vəsait ayrılmışdır. Göründüyü kimi, Kür çayından kanalın çəkilməsi ilə əlaqədar ilkin vəsait ayrılıb. Hökumət nümayəndələrimiz də burdadır. Əminəm ki, bu kanal tezliklə çəkiləcək və nəinki Saatlı, bütövlükdə Muğan bölgəsinin sakinləri sevinəcəklər. Büdcə layihəsinin ikinci oxunuşu ərəfəsində mən bir daha Saatlıdan olan seçicilərimlə görüşlər keçirdim. Vəziyyət belədir: rayonun 44 yaşayış məntəqəsindən 11-i hələ qazlaşmayıb, 49 məktəbin 29-nun tikintisinə, yaxud əsaslı təmirinə ehtiyac var, 4 kənd yolu ciddi təmir edilməlidir, şəhərin 110 kilometrlik kanalizasiya xəttinin hələlik yalnız 12,4 kilometri çəkilib. Bu problemlərin üçün müvafiq qurumlara məktublar ünvanlamışıq. Əminəm ki, diqqətə alınacaq”. Media ilə bağlı çıxışına davam edən MŞ sədri vurğulayıb ki, hazırda ölkəmizdə müxtəlif sahələrdə islahatlar gedir: “Bəzi deputat həmkarlarım mediada da islahatların aparılmasın vacibliyini vurğulayıblar. Onlara “çox sağ ol” deyirəm. Ancaq elə anlama gəlməsin ki, mediamız zəifdir, jurnalistlərimizin peşəkarlığı aşağıdır. Elə deyil. Mediamızı daha da güclü etmək üçün biz ilk növbədə onun iqtisadi müstəqilliyini artırmalıyıq. Yəni media varlı olsun. Belə olarsa o, daha azad, daha müstəqil, daha peşəkar olur. Bu isə əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizə qədəri reklam vasitəsilə formalaşır. Bizdə bu göstərici çox aşağıdır. Demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişlənməsi üçün yollar axtarmalıyıq. Mediaya eyni zamanda subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik, ən əsası onun üzərindən əlavə dəyər vergisini götürməliyik. Büdcə layihəsi sanballı hazırlanıb. Mən ona səs verəcəyəm”.