Sabiq icra başçısının oğlu həbs olunub Hadisə

Sabiq icra başçısının oğlu həbs olunub

Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həbs olunub.
Bakı Şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən “Xalq cəbhəsi” qəzetinə daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Əvəz Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 1981-ci il təvəllüdlü Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlunun keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirməsi faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq Ceyhun Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.
Fevralın 3-də Ceyhun Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Aparılmış istintaqla Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib.
Dilarə Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dilarə Zeynalovanın anası Elmira Zeynalova Sputnik Azərbaycan-a bildirib ki, qızının vəziyyəti ağırdır. O deyib ki, qızı iflic olmaq təhlükəsi ilə üz-üzədir: "Qızımın sağ tərəfi işləmir. O, sağ qolunu, sağ ayağını qəti tərpətmir. Hazırda danışa da bilmir. Həkimlər də deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Danışıb-danışmayacağı da sual altındadır. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Həkimlər onun yaşasa belə, ömür boyu yatağa məhkum olacağını söyləyirlər".
Elmira Zeynalova bildirib ki, qızına 16 bıçaq zərbəsi endirən keçmiş kürəkəni onu ölümlə üz-üzə qoyub. Zərərçəkmişin anası qızını 1 saylı Kliniki Tibbi Mərkəzdən (KTM) özəl xəstəxanaların birinə köçürdüyünü söyləyib: "Qızımın durumu çox ağır idi. Ciyərində qanama vardı. KTM-dan bildirdilər ki, onlarda xəstənin həyatda qalması üçün vacib aparat yoxdur. Ona görə də, onun həyatını xilas etmək üçün özəl xəstəxanalardan birinə köçürdük. Amma həkimlər burada da həyatda qalacağına söz vermirlər".
Elmira Zeynalova bildirib ki, qızı illərdir ki, keçmiş kürəkəni tərəfindən təhdid edilir: "Qızım onun əlindən qaçıb Naxçıvana getmişdi. Orada müəllim işləyirdi. Bakıya uşağı müayinəyə gətirmişdi. Burada da başına bu hadisə gəldi".
Elmira Zeynalova bildirib ki, Ceyhun Bəhmənovun ailəsi qızının müalicəsi üçün onlara heç bir maddi kömək etmir: "Ceyhun Bəhmənovun anası pul yığır ki, oğlunu psixi xəstə kimi cəzadan azad etsin".