Xırdalanda bina partladı Hadisə

Xırdalanda bina partladı

Binanın bir blokunun 3 mərtəbəsi çöküb, FHH əməkdaşları 9 nəfəri dağıntılar altından çıxarıb

Dünən Xırdalan şəhərin, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, 10-a yaxın insan dağıntılar altında qalıb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində xilasetmə işlərinə birbaşa nəzarət edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gəlib.
Nazirə son vəziyyətlə bağlı məlumat verilib.
Partlayışla əlaqədar baş prokurorun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerinə gediblər.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 9 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.
Xilas edilənlərdən İsmayılov Vidadi və onun oğlu, İsmayılov Yunis yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov deyib ki, Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur. Onun atası Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.
2 nəfərin meyiti isə xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.