Azərbaycanda COVID-19-a qarşı yeni layihəyə start verilib Hadisə

Azərbaycanda COVID-19-a qarşı yeni layihəyə start verilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir.
Bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək.
Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir: “Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanalarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur”.
R. Bayramlı qeyd edib ki, Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur: "Bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər. Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından, təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Hər komanda növbəti xəstəxanada fəaliyyətə başlamazdan öncə cari xəstəxanadakı heyətə sistemi idarəetmə məsuliyyətini təhvil verəcək".
R. Bayramlı deyib ki, layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək və bu platforma vasitəsilə onlar təlimlər və təqdimatlar, mentorlardan video dərslər və statistik məlumatlar əldə edə biləcəklər.