“Güclü zəlzələ olmayacaq” Hadisə

“Güclü zəlzələ olmayacaq”

Qurban Yetirmişli "Son günlər bir-birinin ardınca baş verən zəlzələlər güclü zəlzələ olacağına işarə deyil"

"Son günlər bir-birinin ardınca baş verən zəlzələlər Azərbaycanın bu və ya digər bölgəsində güclü zəlzələ olacağına işarə vermir".
Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib. Q. Yetirmişli bildirib ki, Azərbaycan seysmik zonada yerləşdiyi üçün seysmoaktiv bölgə sayılır: "Bu cür təkanların olmağı dəlalət eləmir ki, nəsə güclü zəlzələ olacaq. Qorxulu heç nə yoxdur. Bu sadəcə, seysmik fon səviyyəsində olan zəlzələlərdir".
RSXM direktoru əlavə edib ki, son günlər qeydə alınan zəlzələlər içərisində sentyabrın 19-da baş verən zəlzələnin təkanları hiss olunub: "Lənkəran və Lerik rayonları arasında aktiv dərinlik qırılması var. 1998-ci ildə də həmin yerdə güclü zəlzələ olmuşdu. Orada tez-tez zəif təkanlar da qeydə alınır. Həssas ərazi olduğu üçün də 4 bal gücündə olan zəlzələ Lənkəranda, Lerikdə, digər episentrə yaxın yaşayış məntəqələrinin hamısında həmin təkanlar hiss olunmuşdu. Amma ümumilikdə bir neçə gündür baş verən zəlzələlərin çoxu hiss olunmayandır".
Mütəxəssis onu da qeyd edib ki, gün ərzində respublika ərazisində 3, 4, 5, bəzən 8, 10 təkan baş verir: "Onlar hamısı çox zəif olduğundan ancaq cihazlar tərəfindən qeydə alınır. Biz onları ictimaiyyətə açıqlamırıq, sayta yerləşdirmirik. Çünki onlar bizim elmi araşdırmalar üçün lazım olan baza məlumatlarıdır".