Ötən il 3700 nəfərin əlillik təyinatı ləğv edilib, 117 nəfərin əlillik dərəcəsi aşağı salınıb Hadisə

Ötən il 3700 nəfərin əlillik təyinatı ləğv edilib, 117 nəfərin əlillik dərəcəsi aşağı salınıb

Son illərdə sosial sahədə aparılan bir sıra islahatlar, xüsusən müxtəlif kateqoriyalar üzrə əlilliyə görə təyin edilən sosial müavinətlərin məbləğinin artırılması, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün təsis edilməsi, müharibə səbəbi ilə əlilliyi olan şəxslərə Prezident təqaüdünün məbləğinin artırılması bu şəxslərin sosial müdafiəsini gücləndirməklə yanaşı, qanunsuz yolla əlilliyin əldə edilməsinə stimulları çoxaldıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, əlillik səbəbləri üçün əsas sayılan hərbi-həkim komissiyalarının verdiyi şəhadətnamə və qərarların kağız daşıyıcılarda olması saxta sənədlərin düzəldilməsi, sənədlərin mətnində saxtakarlıq edilməklə ağırlaşdırma görüntüsünün yaradılması kimi neqativ halların baş verməsinə şərait yaradıb.
Bu kimi halların qarşısının alınması məqsədilə ƏƏSMN və aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində 3700 nəfərin əlillik təyinatı ləğv edilib, 117 nəfərin əlillik dərəcəsi aşağı salınıb. Əlillik təyinatı ləğv edilmiş şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb, artıq ödənilmiş vəsaitin bərpası üzrə tədbir görülüb. Nəticədə dövlət büdcəsinin vəsaitinə 18 milyon manata yaxın qənaət edilib. Bu istiqamətdə monitorinqlər davam etdirilir.
Müəyyən edilmiş saxtakarlıq faktları üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluğa təqdim edilib. Toplanmış material üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və aldatma əlamətləri müəyyən edildiyindən bu faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılıb.
Problemin aradan qaldırılması və göstərilən halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrinin yaradılması haqqında" ölkə Prezidentinin fərmanı layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim edilib.
Fərman layihəsi hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilən sənədlərin vahid elektron reyestrinin yaradılmasını nəzərdə tutur ki, elektron reyestrin əlilliyin təyinatı ilə bağlı digər sistemlərə inteqrasiyası və kağız daşıyıcılardan tam imtina olunması nəticəsində bu sahədə mövcud olan subyektivlik, saxtakarlıq faktları aradan qaldırılacaq, əlilliyin təyinatında sosial ədalət və ünvanlılıq prinsipləri təmin ediləcək.