Ünvanlı dövlət sosial yardımın təyinatı proseduru dəyişir Hadisə

Ünvanlı dövlət sosial yardımın təyinatı proseduru dəyişir

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən, son bir il ərzində kredit götürənlərə də ünvanlı dövlət sosial yardım veriləcək. Eyni zamanda alimentin də ünvanlı dövlət sosial yardımın təyin olunması zamanı gəlir kimi nəzərdə tutulmaması təklif edilir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M. Quliyev deyib ki, bu dəyişikliklər Nazirlər Kabinetinin qərarı əsasında “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda əksini tapacaq.
Onun sözlərinə görə, alimentin ailənin gəlirləri sırasına daxil edilməməsi məqsədəuyğundur: “Çünki bəzən məhkəmə alimentin ödənilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, bir müddət sonra aliment ödənilməsi dayanır. Belə olduğu halda bu şəxslər ünvanlı sosial yardıma ehtiyacı olduğu halda bunu ala bilmirlər”.
Milli Məclisin komitə sədri onu da bildirib ki, komitənin iclasında bu gün müzakirəyə çıxarılmış və Milli Məclisin plenar iclasına tövsiyə edilmiş “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliklər ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur: “Belə ki, sosial yardım almaq hüququ ilə əlaqədar ailələr üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir. Eyni zamanda sosial yardımın təyin olunması müddətinin azaldılması təklif edilir. Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi. Ümumilikdə qanuna təklif edilən dəyişikliklər ümumi müddəaları müəyyənləşdirir və şərtləri daha yüngülləşdirir. Bununla vətəndaşların ünvanlı sosial yardım almağının əlçatanlığını yaxşılaşdırır və şəffaflığı artırır”.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Qanunvericiliyə əsasən, sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.