Parlamentin birgə komitə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilib Hadisə

Parlamentin birgə komitə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilib

Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnsan hüquqları komitəsinin sədri Zahid Orucov bildirib ki, bu gün Laçın rayonunun işğalının anım günüdür.
Bununla əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Komitə sədri diqqətə çatdırıb ki, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq. Zahid Oruc deyib ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ilin 15 may tarixində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb. Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir. İnsan alverinə qarşı mübarizə ilə bağlı qanunun müvafiq maddəsinə görə, məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə habelə insanların digər formada istismar edilməsi insan alverinin müxtəlif formaları kimi tövsiv edilir. Avropa Şurasında İnsan Alveri Əleyhinə Ekspert Qrupu formalaşdırılıb. Təşkilata üzv ölkələrdə bu məsələlərlə bağlı vəziyyətə onun vasitəsi ilə nəzarət olunur. Qurumun mütəxəssisləri hər il ölkələrdə bu məsələləri monitorinq edirlər.
Komitə sədri BMT-nin Ümumdünya İnsan Alveri Hesabatının 142 ölkəni əhatə etdiyini bildirərək, Azərbaycanın beynəlxalq hesabatlarda yerinin yaxşılaşacağına əminliyini ifadə edib. Eyni zamanda, Azərbaycanda 2019-2023-cü illər üzrə növbəti Fəaliyyət Planının hazırlandığını diqqətə çatdırıb, hesabatla bağlı bir sıra təkliflərini səsləndirib.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən deputatlar Hikmət Məmmədov, Elman Nəsirli, Razi Nurullayev, Tural Gəncəliyev, Erkin Qədirli, Fəzail Ağamalı, Elşad Mirbəşir oğlu, Tahir Kərimli, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Vüqar İskəndərov, Elşən Musayev, Nizami Səfərov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat barədə öz fikirlərini açıqlayıb, qeyd və təkliflərini veriblər.
Müzakirələrin sonunda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.
Deputatlar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov iştirak ediblər.