Tarix Muzeyində Çexiya kronası qorunur Hadisə

Tarix Muzeyində Çexiya kronası qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda 1942-ci ildə Bohemiya və Moraviya protektoratlığında istehsal edilmiş 10 kron nominallı banknot qorunur. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, banknot II Dünya müharibəsi dövründə istifadə edilib. Almaniya 1939-cu ildə Çexiya əyalətlərini işğal etdikdən sonra Böyük Almaniya Reyxi tərkibində Bohemiya və Moraviya protektoratlığı yaradıldı və kronlar bu ərazidə istehsal edildi.
Açıq çəhrayı və sarımtıl tonlara malik 10 nominallı kronun üst tərəfində meyvələr və çiçəklərdən ibarət dördbucaqlı çərçivədə - Almaniyanın dövlət xadimi, aviasiya sahəsi üzrə fəxri titullara malik, general Hermann Geringin (1932 - 1945) ikinci həyat yoldaşı, kino və teatr aktrisası Emmi Geringin (1893 - 1973) uşaqlıq fotoları yer alıb. Mərkəzi hissədə çex dilində banknotun istehsal yeri, nömrəsi, buraxılış ili, sol və sağ tərəfdə nominal əks olunub. Arxa tərəfdə fərqli naxışlı kartuşda solda nominal, mərkəzdə çex dilində nominal və ölkənin adı yazılıb, yazının fonunda üzü sol tərəfə istiqamətlənən taclı şir (şahə qalxmış) təsviri, banknotun sağ tərəfində yuxarıda nominal əks edilib.
Qeyd edilib ki, 1941-1945-ci illər müharibəsi illərində Almaniyanın işğalı altında olan ölkələrdə buraxılan banknotlar sonralar yeni emissiya sisteminə keçdi. Bu pulların üzərindəki təsvirlərdə nasizmin əlamətləri olduğuna görə bunların sonrakı istehsalına qadağa qoyuldu.