“TV Berlin” telekanalında Qarabağ gerçəkləri Hadisə

“TV Berlin” telekanalında Qarabağ gerçəkləri

Piter Şol-Latur: "Ermənilər nəinki Dağlıq Qarabağı, Azərbaycanın digər ərazilərini də işğal ediblər"

Məşhur almaniyalı jurnalist, səyyah, professor Piter Şol-Latur "TV Berlin" televiziya kanalının "Məkanımız Berlindir" proqramında Azərbaycanla, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb.
Piter Şol-Latur deyib ki, ermənilər nəinki Azərbaycanın Dağlıq Qarabağ regionunu, hətta bir az da irəli gedərək digər ərazilərini, məsələn, Ağdamı da işğal ediblər. Ağdam rayonu Dağlıq Qarabağın xaricindədir və strateji baxımdan çox vacib mövqedədir. Hazırda Azərbaycan ərazisinin beşdə biri işğal altındadır.
Aparıcı Brinkmannın "Hüquqi standartlarla mühakimə etsək, ermənilərin hərəkətləri beynəlxalq hüquqa ziddirmi" sualına almaniyalı professor "Heç şübhəsiz" deyə cavab verib.
Brinkmann isə məsələyə münasibət bildirərək deyib: "Niyə biz bunu müzakirə etmirik? Həmişə inanırıq ki, ərazi toxunulmazlığı prinsipinə riayət olunur. Lakin bu halda görünür ki, heç nəyə məhəl qoyulmayıb".
Müsahibənin gedişində aparıcı maraqlı bir məsələyə də diqqəti cəlb edib. O deyib: "Bu gün biz Ermənistan və Azərbaycan arasındakı münaqişəni müzakirə edirik. Bu məsələ ilə bağlı mənim ilk dəfə Bakıdakı mahnı müsabiqəsi zamanı xəbərim oldu. Azərbaycanlılar həmişə aydın şəkildə bildirirlər ki, biz müharibə şəraitindəyik". Almanlar isə sual verirlər: "Nə müharibə? Nə üçün müharibə hələ bitməyib?"
Piter Şol-Latur bu münaqişənin həqiqətən də çox ciddi bir problem olduğunu, onun həlli ilə məşğul olan qurumun isə indiyədək heç bir iş görmədiyini diqqətə çatdırıb.
Almaniyalı professor Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminindəki önəmli rolu ilə bağlı məsələyə də münasibət bildirib. O, Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı deyib: "Mən müxtəlif Qafqaz xalqları ilə tanış olmuşam, onların ən istiqanlıları azərbaycanlılardır. Onlar poeziyaya meyllidirlər, çox mədəni və mehriban insanlardır. Mən Azərbaycanda olarkən özümü çox rahat hiss edirdim, Naxçıvanda da çox qonaqpərvər və mehriban insanlarla tanış oldum".