UNEC-in 90 yaşı tamam olur Hadisə

UNEC-in 90 yaşı tamam olur

Zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu gün 90 illik yubileyini uğurlarla qeyd edir. Bu yubileyə Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC” adı ilə brendləşdirilib. UNEC-dən bildirilib ki, təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq Elektron Universitet modeli, elektron sənəd dövriyyəsi, “Bir pəncərə” onlayn sistemi, əcnəbilərin və təkrar ali təhsilə qəbulun internet üzərindən həyata keçirilməsi sistemi yaradılıb. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyə distant təhsil vermək gücündə olan “UNEC Extern” mərkəzi istifadəyə verilib.
Ali təhsil müəssisəsində ciddi tədqiqatlar aparılır və 30-dan çox tədqiqat mərkəzi yaradılıb, doqquz nüfuzlu xarici universitetlə ikili diplom proqramı reallaşdırılıb. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya alıb, Yunanıstanda akkreditasiyadan keçirilib və Qərbi Makedoniya Universitetində birgə magistr proqramı reallaşdırılıb.
Zaqatalada bu ali məktəbin filialının açılması və Maliyyə-İqtisad kollecinin universitetin nəzdinə verilməsi ilə UNEC-in klasterləşməsi həyata keçirilib. Tələbə özünüidarəetməsində yeniliklərə imza atılıb. UNEC Yaradıcılıq Mərkəzi, İdman Klubu, UNEC Radionun fəaliyyəti təşkil edilib. Azərbaycan Dövlət İqtisad Universiteti Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri sırasında, eləcə də MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə nail olub. Bütün tədris binalarında ən müasir tələblərə cavab verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana qurulub. Texniki və texnoloji ixtisas üzrə 3000 tələbə üçün nəzərdə tutulmuş müasir tədris kompleksi inşa edilib.
İş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B reallaşdırılıb. İlk dəfə olaraq, 2016-cı ildə universitetin QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail olunub. UNEC inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil olub və regionun ən yaxşı 4-cü iqtisadyönümlü universiteti seçilib. “UniRank” reytinqində 2017-2020-ci illərdə İqtisad Universiteti hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçilib. Nüfuzlu “Webometrics” reytinqinə əsasən bu universitet 2017-2020-ci illərdə “Google” akademik istinadlarının sayına görə hər il Azərbaycanda birincidir.
“UI Green Metric World University Rankings” reytinq siyahısına görə UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanınıb. Bu il aprelin 22-də “THE Impact Ranking” açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəlib. “U-Multirank” bir neçə gün əvvəl açıqladığı reytinqə əsasən, UNEC iqtisadiyyat fənni üzrə artıq dünyanın 250 ən yaxşı universitetlərindən biridir. Əsas hədəf isə “UNEC-100” inkişaf strategiyasına əsasən, bu ali məktəbin 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir.