Kərimlinin mitinq çağırışının arxasındakı gizlinlər... Hadisə

Kərimlinin mitinq çağırışının arxasındakı gizlinlər...

Arzu Şirinova

Hər bir Azərbaycan vətəndaşının qanunla tənzimlənən "Sərbəst toplaşmaq azadlığı" hüququ var. Təbii ki, bu hüquq qanunlara əməl olunmaqla həyata keçirilməlidir. 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan və Rusiyanın bir layihəsi olaraq təsdiqələnən "milli şura"çılar da (baxmayaraq ki, Əli Kərimlinin dəstəsindən və Cəmil Həsənlidən başqa kimsə bu qurumda qalmayıb) "siyasi məhbus" olayından bəhrələnərək aksiya keçirməyə qərar veriblər. Artıq Bakı Şəhər İcra Hakimiyyəti də öz razılığını bildirib. Yəni rəsmi orqan Milli Şuraya aksiya keçirmək hüququnu tanıyıb. Kimsə nəsə demir, keçirsinlər. Ancaq bir məsələ var ki, bunun üstündən adlamaq olmur.
Əli Kərimlinin sosial şəbəkələrdə mitinqə çağırışına diqqət yetirək:"...Nəzərə alın ki, indi bizim, xalq olaraq, "Niyə beynəlxalq aləm bu ədalətsizliyə susur?" sualı ilə acığımızı başqalarına tökmək imkanımız qalmayıb. Dünya ictimaiyyəti Azərbaycanın vicdan məhbuslarına çox ciddi dəstək verir. Onları ən yüksək mükafatlara layiq görür. Hökumətdən onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. İndi bizim, xalq olaraq, "Bəs müxalifət niyə susur, niyə qabağa düşmür, mitinq təyin etmir?" sualları ilə də vicdanımızı rahatlatmaq imkanımız qalmayıb. Milli Şura məsuliyyəti üzərinə götürüb, mitinq təyin edib".
Elə başlayaq Əli Kərimlinin bu cümləsindən - "Həzərə alın ki, indi bizim, xalq olaraq, "Niyə beynəlxalq aləm bu ədalətsizliyə susur?" sualı ilə acığımızı başqalarına tökmək imkanımız qalmayıb". "Siyasi məhbus" məsələsindən yararlanan və Azərbaycana hər zaman ikili standartlarla yanaşan beynəlxalq təşkilatların diqqətinin bu məsələyə yönəlməsi üçün canfəşanlıq edən Əli Kərimli bir dəfə də olsun Dağlıq Qarabağ problemilə bağlı aksiya keçirilməsinə cəhd edibmi? Və eyni sualı - "Niyə beynəlxalq aləm bu ədalətsizliyə dözür?" - verib Azərbaycanın haqq səsini müxalifətdə olan bir partiyanın sədri kimi dünya ictimaiyyətinə çatdırıbmı?
Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün durumunu, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunmasını Bakıda onunla görüşən bəzi ölkələrin səfirlərinə, beynəlxalq təşkilatların nümayəndələrinin diqqətinə çatdırıbmı?
Əksinə, 2000-ci ildə Ki-Uestdə Dağlıq Qarabağ problemilə bağlı Azərbaycan və Ermənistan prezidentləri görüşən ərəfədə Bakıda əvvəlcədən razılaşdırılmış bir mitinq keçirilməliydi. Məqsəd də bütün dünyanın diqqətinə çatdırmaq istəyi idi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının bir qarışından belə vaz keçməyəcək. Ancaq nə baş verdi? Mitinqin keçirilməsinə razılıq verən partiya sədrlərini ABŞ-ın ölkəmizdəki səfirliyinə dəvət elədilər. Və səfirlikdən çıxan partiya sədrləri, o cümlədən Əli Kərimli mitinqin keçirilməməsi qərarını verdilər. Cəmi iki saatın ərzində mövqelərində dəyişiklik edən partiya sədrləri Azərbaycanın maraqlarına səfirin tapşırığıyla arxa çevirdilər.
Çünki onun və onun kimilərin davası Dağlıq Qarabağ, Azərbaycanın müstəqilliyi deyil, hakimiyyətə gəlib qisas almaq davasıdır. Əli Kərimli sonra deyir:"Dünya ictimaiyyəti Azərbaycanın vicdan məhbuslarına çox ciddi dəstək verir. Onları ən yüksək mükafatlara layiq görür. Hökumətdən onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir".
Bəli, Əli Kərimli burada haqlıdır. Bəzi hüquq müdafiəçiləri-daha dəqiqi Leyla və Arif Yunusovlar cütlüyü üçün beynəlxalq təşkilatlar Azərbaycanın üzərinə gəlir. Leyla Yunusa "Saxarov" mükafatı verilməsi istiqamətində iş də gedir. Niyəsini Əli Kərimli bilməlidir axı! Niyəsi ondan ibarətdir ki, Yunusov cütlüyü hər zaman-elə AXC hakimiyyətdə olandan bu yana-Azərbaycanın maraqlarını beynəlxalq təşkilatlara sataraq paralar qazanıb. Bu gün də həmin beynəlxalq təşkilatlar Leyla Yunusun müdafiəsinə qalxıb Azərbaycanı insan haqları pozulan bir ölkə kimi elan edirlər.
Bir sözlə, Əli Kərimlinin niyyəti heç də "siyasi məhbus" kimi qələmə verdiklərinin azadlığını və hüququnu müdafiə etmək yox, gələn il keçiriləcək parlament seçkilərində nəyəsə nail olmaq üçün indidən beynəlxalq təşkilatlardan dəstək almaqdır. Onun niyyəti bununla bitmir, eyni zamanda, məqsədi şəxsi qisasını almaqdır ki, bundan da sadə insalardan alət olaraq yararlanır. Əminəm ki, mitinqə çox az sayda adam qatılacaq. Çünki Əli Kərimlinin kimliyi və istəyi ortadadır....