Zəvvarları aparan sərnişin avtobusu qəzaya uğrayıb Hadisə

Zəvvarları aparan sərnişin avtobusu qəzaya uğrayıb

Məşhədə gedən zəvvarlardan 3 nəfəri ölüb, 10 nəfəri yaralanıb

Biləsuvar rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Mahmudçala adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Azərbaycandan olan zəvvarları İranın Məşhəd şəhərinə aparan sərnişin avtobusu qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha 9 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 7-nə müvafiq ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Ölən və yaralanan sərnişinlərin şəxsiyyəti dəqiqləşdirilir. İlkin versiya kimi hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.