9 ayda 90 nəfər dəm qazından zəhərlənərək ölüb Hadisə

9 ayda 90 nəfər dəm qazından zəhərlənərək ölüb

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Lənkəranda payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Lənkəranda "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr" mövzusunda seminar-müşavirə keçirib.
APA-nın məlumatına görə, tədbiri FHN DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Firdovsi Hacıyev açaraq, payız-qış mövsümünün başlanması ilə əlaqədar FHN-in keçirdiyi qabaqlayıcı tədbirlərdən danışıb, maarifləndirici tədbirlərə geniş yer veririlməsinin zəruriliyini qeyd edib.
Seminar-müşavirədə FHN DYNX-nin təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin "Yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumların vəzifələri" mövzusunda məruzəsi dinlənilib. Məruzədə "Yanğın təhlükəsizliyi haqqında" qanunda, Azərbaycan prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında duran vəzifələr açıqlanıb, bu vəzifələrin icrasında Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Mənzil Kommunal İstismar Sahələri, bələdiyyə qurumları, Qaz İstismar, Enerji Təchizatı və Satışı İdarələrinin üzərinə düşən vəzifələrdən söhbət açılıb.
Məruzədə 1 oktyabr 2013-cü ildən 2014-cü ilin iyuluna qədər ölkə üzrə 399 dəm qazından zəhərlənmə hadisəsinin qeydə alındığı, bu hadisələr nəticəsində 90 nəfərin öldüyü və 356 nəfərin müxtəlif dərəcədə bədən xəsarəti aldığı müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, bu rəqəmlər hamını narahat etməli, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin hazırlanıb həyata keçirilməsi ən prioritet məsələ kimi diqqət mərkəzində olmalıdır.
Müşavirədə çıxış edən FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Zəmani Dadaşov, Lənkəran rayon İcra Hakimiyyətinin hüquq sektorunun müdiri Fuad Əhədov maarifləndirmə işlərində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin zəruriliyini qeyd edib, hər bir müəssisə və təşkilatda yanğına qarşı təbliğat xarakterli tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Seminar-müşavirədə maarifləndirici tədbirlərə geniş yer verilib, "Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı", "Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilmiş, "Dəm qazından ehtiyatlı olun!" adlı qısametrajlı film nümayiş etdirilib.
Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün DYNXtərəfindən nəşr etdirilmiş Yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanılıb.