“Bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxardı” Gündəm

“Bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxardı”

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlərdə Azərbaycanın müstəqil xarici siyasət kursunun ölkənin beynəlxalq mövqeyinin əsas dayaqlarından birinə çevrildiyi aydın görünür. Müstəqil xarici siyasət yalnız müxtəlif dövlətlərlə münasibət qurmaq deyil, həmin münasibətləri milli maraqların prioritetliyi əsasında balanslaşdırmaq və Azərbaycanın öz gündəliyini formalaşdırmaq imkanına malik olması deməkdir. Azərbaycanın Çin, ABŞ, Rusiya, Ukrayna, Avropa İttifaqı və digər aktorlarla paralel münasibətlər qurması, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsi məhz bu çoxşaxəli siyasətin praktik nəticələrindən biridir”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, bu siyasətin mühüm üstünlüklərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yalnız proseslərin iştirakçısı deyil, həm də təşəbbüskarı kimi çıxış etməsidir: “Ölkə öz maraqlarına uyğun beynəlxalq və regional formatlarda fəal iştirak etməklə yanaşı, yeni əməkdaşlıq mexanizmlərinin formalaşmasına da töhfə verir. Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində təşəbbüsləri bu baxımdan Azərbaycanın diplomatik imkanlarının genişliyini göstərir. Burada Azərbaycanın xarici siyasətinin başqa bir mühüm xüsusiyyəti də ortaya çıxır. Bir-biri ilə ziddiyyətli münasibətlərdə olan müxtəlif güc mərkəzləri ilə eyni vaxtda dialoq qura bilmək Azərbaycanı təkcə tərəfdaş deyil, həm də dialoq və əməkdaşlıq platforması kimi önə çıxarır. Bunun üçün yalnız diplomatik çeviklik kifayət etmir; qarşı tərəflərin etimadı, Azərbaycanın sözünün çəkisi və onun qəbul etdiyi öhdəliklərə münasibətdə etibarlı tərəfdaş imici də mühüm rol oynayır. Azərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və humanitar diplomatiya sahələrində müxtəlif tərəflərlə əməkdaşlığı bu yanaşmanın konkret nümunələridir”.

O bildirib ki, Prezidentin çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri də Azərbaycanın beynəlxalq münasibətlərdə öz çəkisini konkret təşəbbüslərlə nümayiş etdirməsidir: “Diplomatik fəallığın göstəricisi yalnız keçirilən görüşlərin və imzalanan sənədlərin sayı deyil, həmin fəaliyyətin regional və qlobal gündəliyə real təsir göstərə bilməsidir. Azərbaycanın müxtəlif çoxtərəfli platformalarda təşəbbüslərlə çıxış etməsi və bu formatların fəaliyyətinə dinamizm gətirməsi onun xarici siyasətinin passiv müşahidəçi modelindən fərqləndiyini göstərir. Bu siyasətin daxili siyasi və tarixi əsaslarını isə Ulu Öndər Heydər Əliyevin siyasi irsindən ayrı təsəvvür etmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqilliyinin ilk illərində dövlətçilik institutlarının ciddi sınaqlardan keçdiyi bir dövrə təsadüf edirdi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik, milli inkişaf strategiyası və müstəqil dövlətçilik xətti yeni mərhələyə keçdi. Bu mənada YAP-ın təsis qurultayını sonrakı siyasi proseslərdən ayrı deyil, Azərbaycanın dövlətçilik tarixində uzunmüddətli strategiyanın başlanğıc nöqtələrindən biri kimi qiymətləndirmək mümkündür”.

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasının əsas xüsusiyyəti taktiki məqsədlər dəyişsə də, strateji xəttin qorunub saxlanılması idi. Dövrün tələblərinə uyğun olaraq müxtəlif mərhələlərdə prioritetlər yenilənə bilərdi, lakin müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, milli təhlükəsizliyin təmin olunması və güclü hərbi potensialın formalaşdırılması əsas xətt olaraq dəyişməz qaldı. Bu strategiyanın mühüm tərəfi Azərbaycanın öz imkanlarına söykənərək dövlət gücünü mərhələli şəkildə artırması idi. Tarixi Zəfər də məhz bu uzunmüddətli hazırlıq prosesinin nəticələrindən biri kimi nəzərdən keçirilə bilər. Güclü iqtisadiyyat olmadan güclü ordu yaratmaq, siyasi sabitlik olmadan ardıcıl xarici siyasət aparmaq, dövlət institutlarını möhkəmləndirmədən milli məqsədləri reallaşdırmaq mümkün deyil. Buna görə də 2020-ci və 2023-cü illərin nəticələrini yalnız müəyyən hərbi əməliyyatların nəticəsi kimi təqdim etmək Azərbaycanın dövlət quruculuğu prosesinin miqyasını kiçiltmək olardı” deyə politoloq əlavə edib.

T.İsmayılov həmçinin deyib ki, burada əsas məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsində dövlətin gücləndirilməsi ayrı-ayrı sahələrin inkişafı kimi deyil, vahid strateji sistem kimi nəzərdə tutulurdu: “Müstəqil siyasət, iqtisadi güc, hərbi potensial, diplomatik çeviklik və milli maraqların qorunması bir-birini tamamlayan istiqamətlərə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu xətt yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə gətirib çıxardı. Bu baxımdan YAP-ın siyasi tarixində iki mühüm xətt bir-birini tamamlayır: Ulu Öndər Heydər Əliyev dövründə dövlətçiliyin strateji əsaslarının yaradılması və Prezident İlham Əliyev dövründə həmin strategiyanın yeni geosiyasi reallıqlara uyğun inkişaf etdirilməsi. Ərazi bütövlüyünün və suverenliyin bərpası isə bu uzunmüddətli siyasi kursun ən mühüm tarixi nəticələrindən biri kimi meydana çıxır. Zəfər burada son dayanacaqdan daha çox, müstəqil dövlət quruculuğunun, milli gücün və ardıcıl siyasi strategiyanın konkret nəticəsi kimi xarakterizə olunur”.

Röya İsrafilova