
Türkiyənin Ukrayna müharibəsində 1936-cı ildə qəbul olunmuş Montrö Konvensiyasından istifadə etməsi, Qara dənizdə xüsusi mövqeyi və müxtəlif tərəflərlə danışıqları davam etdirməsi Ankara üçün ayrıca diplomatik manevr sahəsi yaradıb. Eyni zamanda ABŞ-İran müharibəsi zamanı Türkiyə birbaşa müharibəyə daxil olmaq əvəzinə diplomatik vasitəçilik və təhlükəsizlik balansı siyasəti yürüdüb.
Bu səbəbdən Türkiyənin əsas üstünlüyü yalnız ordusunun gücü deyil, həm də siyasəti və coğrafiyasıdır.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"Qara dəniz, Qafqaz, Balkanlar, Şimali İraq, Suriya, Şərqi Aralıq dənizi və İran arasında yerləşən Türkiyə bölgədəki yeni təhlükəsizlik sisteminin ən aktiv oyunçusudur.
ABŞ-nin İraqdan, o cümlədən İraq Kürdüstanından çıxması xüsusilə əhəmiyyətlidir. Çünki İraq Kürdüstanı uzun müddət Vaşinqtonun bölgədəki əsas tərəfdaşlarından biri olub. ABŞ-nin hava müdafiəsi, kəşfiyyat, logistika və hərbi təlim imkanları Kürd Regional Hökumətinin təhlükəsizlik sistemində mühüm rol oynayıb" - o, qeyd edib.
Politoloq deyib ki, indi isə bu təhlükəsizlik modelinin əsas dayaqlarının Türkiyənin əlinə keçməsi şansı yaranır.
Bu vəziyyətdə Bağdadın suverenliyi güclənə bilər. Digər tərəfdən İranın İraq daxilində təsiri arta bilər. Digər tərəfdən isə Türkiyənin Şimali İraq məsələsində çəkisi daha da arta bilər:
"Maraqlı məqam budur ki, ABŞ-nin çıxışı ilə eyni vaxtda Türkiyənin İraqdakı hərbi mövcudluğunun gələcəyi də danışıqlar mövzusuna çevrilib. Bu, regional təhlükəsizlik sisteminin tədricən Vaşinqtondan regional dövlətlərə keçməsi ehtimalını gücləndirir.
İran məsələsində isə daha mürəkkəb mənzərə ortaya çıxır. İrana zərbələrdən sonra rejim dəyişikliyi deyil, hərbi zəifləmə baş verdi. İranın daxilində siyasi krizisin yaranmamasının əsas amili isə Azərbaycan türklərinin mövqeyi oldu.
2025–2026-cı illərdə aparılan analizlərdə İran kürd təşkilatlarının İsrailin müharibə və rejim dəyişikliyinə hazır olsalar da son anda bu qəraradan imtina edildi.
İran məsələsinin ən çox müzakirə olunmalı, lakin ən az sadələşdirilməli mövzularından biri İran Azərbaycandır.
Təbriz, Ərdəbil, Urmiya və digər Azərbaycan türklərinin yaşadığı ərazilər İranın siyasi, iqtisadi və strateji sistemində xüsusi yer tutur. Tarix də göstərir ki, İranın şimal-qərbində baş verən siyasi proseslər ölkənin ümumi siyasi sisteminə təsir göstərə bilər.
Bundan sonra hansı etnik qrup cəmiyyətin geniş hissəsi üçün siyasi legitimlik yarada biləcəksə dominanat tərəf də onlar olacaqlar".
Cavid