Masallıda ikinci çay yığımına başlanılıb Hadisə

Masallıda ikinci çay yığımına başlanılıb

Bir neçə gündür Masallı rayonunun çay plantasiyalarında ikinci məhsul yığımı kampaniyasına başlanılıb. Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, rayonda birinci çay yığımı zamanı 13,4 ton məhsul tədarük olunaraq fabriklərinə təhvil verilib. Bunun 5 tonu fermerlərin, 9,4 hektarı isə “Azərsun Holdinq” şirkətinin payına düşür.
Bildirilib ki, Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün qəbul olunmuş Dövlət Proqramının icrası ilə bağlı rayonda çay əkin sahələri 125 hektara çatdırılıb. Bunun 4 hektarı Kolatan kəndində əvvəlki dövrlərdən saxlanılmış, 16 hektarı fermerlər tərəfindən, 100 hektarı isə 2015-2018-ci illər ərzində “Azərsun-Holdinq” tərəfindən yeni salınmış çay plantasiyalarıdır.
Hazırda rayonun Tüklə kəndi ərazisində sahibkar Seyran Nəcəfov tərəfindən mülkiyyətində olan 30 hektar sahənin aqrotexniki qaydada hazırlanması işlərinə başlanılıb. Burada ilkin mərhələdə bu ilin payız aylarında 5 hektar sahədə yeni çay plantasiyasının salınması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Masallının çay plantasiyalarından 8,9 ton yaşıl çay yarpağı yığılıb, hər hektardan götürülən məhsuldarlıq 4,4 sentner təşkil edib.