Müstəqil Azərbaycanın ilk media qaranquşu Hadisə

Müstəqil Azərbaycanın ilk media qaranquşu

"Azərbaycan" qəzetinin fəaliyyətinin 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən VHP sədri, qəzetin təsisçisi Sabir Rüstəmxanlı qəzetin yaranma tarixindən danışaraq bildirib ki, Azərbaycan mətbuatı 1875-ci ildən başlayaraq çox şərəfli bir yol keçib.
Onun sözlərinə görə, "Azərbaycan" qəzeti ölkədə ilk demokratik qəzet idi: "Böyük bir mətbuat tariximiz var və bu, müxtəlif mərhələlərə bölünür. Mətbuat tariximizin ən parlaq səhifəsi də 1989-cu il oktyabrın 4-də fəaliyyətə başlayan "Azərbaycan" qəzetidir. Həmin dövrdə geniş kütləyə yayılan qəzet yox idi. Biz başa düşürdük ki, yaradacağımız qəzet milli mətbu orqan olmalı və ölkənin bütün bölgələrinə yayılmalıdır. Qəzetdə bir çox tanınmış, görkəmli insanlar çalışıblar. Həmin dövrdə çox böyük təzyiqlər olsa belə, qəzet fəaliyyətini davam etdirdi. Əvvəlcə 130 min, daha sonra isə 200 min tirajla çap olundu".
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında deyib ki, qəzetin yaranmasına sosial tələbat var idi: "Belə bir məqamda "Azərbaycan" qəzeti meydana gəldi. Mən düşünürəm ki, XX əsrdə Azərbaycanda ilk ümummilli qəzet "Azərbaycan" qəzeti olub. Çünki qəzetdə millətin ümummilli problemləri öz əksini tapırdı. Qəzetdə eyni zamanda Azərbaycan ədəbi dilinin prinsipləri tam olaraq gözlənilirdi".
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə qeyd edib ki, Azərbaycan adlı müstəqil dövlətin bərpası məhz "Azərbaycan" qəzetindən başlayıb. Onun sözlərinə görə, qəzet Azərbaycan tarixində ilk milli qəzet olub və bu birinciliyi heç kim poza bilməz.
Baş redaktor Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, qəzet yarandığı ərəfədə ikiqat senzura olsa da, bütün hallarda dövrün həqiqətləri yazılıb. O qeyd edib ki, qəzet Azərbaycan mətbuatında müstəqil söz deyən, alternativ fikirdən istefa edən ilk mətbu orqan idi.
Millət vəkilləri Elmira Axundova, Aqil Abbas və tədbirin digər iştirakçıları da qəzetin yaranma tarixi və önəmi barədə çıxış ediblər.