Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq Hadisə

Çimərliklərin məişət tullantılarından təmizlənməsi üçün xüsusi adamlar ayrılacaq

Çimərliklərdə əsas məsələlərdən biri də dezinfeksiya işləri və məişət tullantılarının vaxtında atılması məsələsidir ki, buna görə də xüsusi insanlar ayrılacaq.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bununla əlaqədar şəhər kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

“Artıq çimərliklərdə məişət tullantılarının atılması və dezinfeksiya işlərinin aparılması üçün xüsusi qruplar ayrılıb və onlar müvafiq təlimatlar alıblar. Bütün çimərliklərdə konteynerlər yerləşdirilib, ancaq tibbi maskaların atılması üçün başqa bir konteyner nəzərdə tutulub ki, ora yalnız istifadə olunmuş maska atılacaq. Bu işlər tərəfimizdən ciddi nəzarətdə saxlanılacaq”.

Elgin Həbibullayev qeyd edib ki, müvafiq qurumlar bütün bu işləri yerinə yetirəcək, ancaq əsas məsələ vətəndaşların üzərinə düşən vəzifədir, onlar qoyulmuş qaydalara düzgün riayət etməlidirlər".